Deputat: Tarixi abidələrin üzərinə müxtəlif adların yazılması yolverilməzdir
Bakı, 5 sentyabr, AZƏRTAC
Hər bir xalqın böyüklüyü, qüdrəti və zənginliyi həm də onun mədəni sərvətləri ilə ölçülür. Xalqın mədəni sərvətləri onun milli və mənəvi dəyərləridir. Bu baxımdan insanların belə məsələlərdə diqqətli və məsuliyyətli davranmasına, tarixi abidələrin müqəddəsliyini qorumasına böyük ehtiyac var.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib
Deputat qeyd edib ki, tarixi abidələrin üzərinə müxtəlif adların yazılması yolverilməz və yanlış davranışdır.
“Biz bunun nümunəsini Nizami Kino Mərkəzinin üzərində də gördük. İnsanların tarixi və mədəni əhəmiyyət daşıyan tikililərin üzərinə müxtəlif yazılar yazması, bu cür hərəkətlərə yol verməsi yolverilməzdir. Mən hesab edirəm ki, bu kimi hallara qəti son qoymağın vaxtı çoxdan çatıb”, – deyə Ceyhun Məmmədov bildirib.

O vurğulayıb ki, hər hansı şəxsə hörmət göstərməyin yolu onun adını tarixi abidənin, qayanın və ya binanın üzərinə yazmaqdan keçmir. İnsanların xatirəsinə hörmət həmin şəxslərin və tarixi abidələrin ruhuna, daşıdığı mənəvi dəyərə ehtiram göstərməklə ifadə olunmalıdır.
“İstər tarixi abidələrə, istərsə də digər müqəddəs məkanlara münasibətdə hər bir vətəndaşımız məsuliyyətli, diqqətli və ehtiyatlı olmalıdır. Bu cür əməllər qəti şəkildə pislənilməli və qınanılmalıdır. Eyni zamanda, belə hərəkətlərə yol verən şəxslərlə bağlı müəyyən cəza tədbirlərinin görülməsi üçün müvafiq addımlar atılmalıdır”, – deyə Ceyhun Məmmədov qeyd edib.
Müxbir - Səbinə Əlizadə