Mayın 31-dən Tokio və Osakada peyvəndləmə məntəqələrinin buraxılış gücü artırılacaq
Tokio, 31 may, AZƏRTAC
Mayın 31-dən Tokioda və Osakada yerləşən böyük peyvəndləmə məntəqələri daha çox kateqoriyadan olan insana peyvənd vurmaq imkanına malik olacaq. Bununla yanaşı, həmin məntəqələrin buraxılış gücü də artırılacaq.
AZƏRTAC Yaponiya Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, mərkəzi hökumət həmin məntəqələri yaşlı insanlara peyvənd vurulmasını sürətləndirmək üçün mayın 24-də açıb. Bu günə qədər Tokioda yerləşən məntəqədə paytaxtın 23 rayonunda yaşayan 65 yaşdan yuxarı sakinlər, Osaka da isə həmin yaş qrupuna daxil olan şəhər sakinlər peyvənd vurdura bilərdilər.
Mayın 31-dən başlayaraq Tokiodakı məntəqədən paytaxtda yaşayan yaşlı insanlarla yanaşı, qonşuluqda yerləşən Saytama, Çiba və Kanaqava prefekturalarının sakinləri də istifadə edəcəklər. Osaka da isə prefekturanın yaşlı sakinləri peyvənd vurdura biləcəklər.
Həmçinin, bildirilir ki, Tokioda peyvəndələməyə cəlb edilən insanların sayı nəzərdə tutulduğundan bir həftə tez artıb.
Qeyd edilir ki, bununla da Tokiodakı peyvəndləmə məntəqəsinin gündəlik buraxılış gücü 10 minə, Osaka da isə 5 minə çatdırılacaq. Bu rəqəmlər Müdafiə Nazirliyi tərəfindən müəyyən edilən son həddir və ilkin buraxılış gücünü iki dəfə üstələyir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio