MƏDƏNİYYƏT
“Mədəni gənclik” Akademik Opera və Balet Teatrında
![“Mədəni gənclik” Akademik Opera və Balet Teatrında](/files/2022/2/1200x630/16540925751091328280_1200x630.jpg)
Bakı, 1 iyun, AZƏRTAC
Mədəniyyət Nazirliyinin “Mədəni gənclik” layihəsi çərçivəsində BDU tələbələri bu dəfə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında olublar.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, tələbələr dahi klassik Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasına tamaşa ediblər. Əməkdar incəsənət xadimi Hafiz Quliyevin quruluşunda, Əməkdar incəsənət xadimi Sevil Hacıyevanın dirijorluğu ilə hazırlanan musiqili komediya maraqla qarşılanıb.
Gənclər dahi Üzeyir bəyin ölməz musiqisindən zövq almaq, tacir Əsgərlə bəy qızı Gülçöhrənin sevgisinə şahid olmaq, eyni anda 4 cütlüyün toyu ilə başa çatan məzəli hadisələrə tamaşa etmək imkanı qazanıblar.
Tamaşadan sonra öz təəssüratlarını bölüşən tələbələr “Mədəni gənclik” layihəsi çərçivəsində qatıldıqları tədbirlərin, o cümlədən “Arşın mal alan” operettasının onların dünyagörüşünün və mədəni zövqünün formalaşmasına təsir etdiyini bildiriblər.
Xatırladaq ki, gənclərin incəsənətə marağının artırılmasını əsas məqsəd kimi qarşıya qoyan layihə iyun ayının sonuna qədər davam edəcək. Layihə çərçivəsində növbəti tamaşa iyun ayının 7-də nümayiş olunacaq Akademik Musiqili Teatrın “O olmasın, bu olsun” operettasıdır.