Media eksperti: Gənclər fərdiləşdirilmiş və video məzmuna daha çox üstünlük verirlər
Bakı, 15 iyul, AZƏRTAC
Rəqəmsal texnologiyaların sürətli inkişafı informasiya istehlakı vərdişlərini də dəyişir. Xüsusilə gənc nəsil xəbərləri ənənəvi üsullardan daha çox rəqəmsal platformalar vasitəsilə izləyir, qısa və vizual məzmuna üstünlük verir. Bu tendensiya media qurumlarını da auditoriyanın gözləntilərinə uyğun yeni yanaşmalar tətbiq etməyə sövq edir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında media eksperti Səbuhi Abbasov bildirib.
O qeyd edib ki, yaxın illərdə gənclərin xəbər istehlakı vərdişləri daha da fərdiləşəcək, video məzmunun və süni intellekt dəstəyi ilə təqdim olunan informasiyanın payı artacaq.
Ekspertin sözlərinə görə, gənclər getdikcə daha qısa, vizual və mobil cihazlara uyğun hazırlanmış xəbər məzmununa üstünlük verirlər. Bu tendensiya informasiyanın təqdimat formatına olan tələblərin dəyişdiyini göstərir və media qurumlarının fəaliyyətinə də təsir edir.
“Video formatlarının populyarlığı artmağa davam edəcək. Eyni zamanda, süni intellekt texnologiyalarının informasiyanın təqdim olunmasında rolu genişlənəcək. Bu dəyişikliklər xəbər istehlakını daha fərdiləşdirilmiş və istifadəçi yönümlü edəcək”, – deyə S.Abbasov bildirib.
Media eksperti qeyd edib ki, texnologiyaların sürətli inkişafı ilə yanaşı, dezinformasiyanın yayılması riski də artır. Bu səbəbdən peşəkar medianın üzərinə düşən məsuliyyət daha da böyüyür.
Onun fikrincə, media qurumları yalnız xəbəri operativ çatdırmaqla kifayətlənməməli, məlumatın doğruluğunu yoxlamalı, onu kontekst daxilində təqdim etməli və müxtəlif rəqəmsal platformaların xüsusiyyətlərinə uyğun məzmun hazırlamalıdır.
S.Abbasov vurğulayıb ki, media yeni texnologiyalara və auditoriyanın dəyişən tələblərinə uyğunlaşsa da, jurnalistikanın əsas prinsipləri olan obyektivlik, dəqiqlik və etibarlılıqdan geri çəkilməməlidir. Onun sözlərinə görə, gələcəyin media mühitində auditoriyanın etimadını müəyyən edən əsas amil məhz bu prinsiplərə sadiqlik olacaq.
Müxbir - Lalə Minasazova