MEHMET ƏLİ AĞCA DAHA 8 İL HƏBSXANADA YATMALIDIR
Baş prokuror terrorçunun vaxtından əvvəl buraxılması haqqında İstanbul məhkəməsinin qərarını ləğv edən Kassasiya Məhkəməsinin hökmü ilə əlaqədar demişdir: “Onun çıxardığı hökm prosessual normalara uyğundur. Mənim bu hökmə etirazım yoxdur, buna görə də onu dərhal imzaladım və icraat üçün İstanbulun Qartal rayonu prokurorluğuna göndərdim”.
Kassasiya Məhkəməsinin hökmünə əsasən, Ağca 1979-cu ildə “Milliyyət” qəzetinin baş redaktoru Abdi İpəkçini öldürdüyünə və Türkiyədə digər iki cinayətə görə cəzasının qalan hissəsini çəkmək üçün həbsxanaya salınmalıdır. Hökmdə nəzərə çarpdırılır ki, ona ancaq 1991-ci il tarixli bir amnistiya şamil edilir. Həmin amnistiyaya əsasən, jurnalistin qətlinə görə terrorçu barəsində ölüm cəzası ömürlük həbslə əvəz olunmuş, sonralar isə həbs müddəti 20 və 10 ilədək azaldılmışdır. Kassasiya Məhkəməsi Pontifikə sui-qəsdə görə İtaliyada çəkdiyi həbs cəzasının müddətini (19 il bir ay) nəzərə almayaraq bildirmişdir ki, Türkiyədə amnistiya xaricdə törədilən cinayətlərə şamil edilmir.
Pontifiki öldürmək cəhdi üstündə İtaliyada 19 illik həbsdən sonra 2000-ci ildə Türkiyəyə qaytarılan Ağca, “nümunəvi davranışına” görə və bir sıra amnistiyalar nəzərə alınaraq, yanvarın 12-də İstanbulun ciddi rejimli “Qartal” zindanından azadlığa buraxılmışdı. Bundan bir neçə gün sonra ədliyyə naziri Cəmil Çiçək bildirmişdi ki, onun işinə yenidən baxılacaqdır. Odur ki, nazir Kassasiya Məhkəməsinə sorğu göndərərək, Ağcanın vaxtından əvvəl azadlığa buraxılması haqqında İstanbul məhkəməsinin qərarına qiymət verməyi xahiş etmişdir. Kassasiya Məhkəməsi hökm çıxardıqdan dərhal sonra, yanvarın 20-də axşam Ağca tutulmuş və cəmi səkkiz gün əvvəl çıxdığı həbsxanaya gətirilmişdir.