Mehriban Zeynalova: Məişət zorakılığının qarşısını almaq üçün qanunvericilik təhlili aparılıb
Bakı, 3 mart, AZƏRTAC
Azərbaycanda qadınlara qarşı zorakılığın aradan qaldırılması istiqamətində kifayət qədər addımlar atılır. Məişət zorakılığının qarşısını almaq üçün qanunvericilik təhlili aparılıb və bu təhlil üzərində işlər gedir. Gördüyümüz kimi, məişət zorakılığına qarşı mübarizə çevik cavablar tələb edir və bu çevik cavablarla bağlı ardıcıl siyasət həyata keçirilir. Bu siyasətin həyata keçirilməsində bütün qurumların birgə səyləri özünü göstərib.
Bu fikirləri AZƏRTAC -a açıqlamasında “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova söyləyib.
Problemlərin gender əsaslı zorakılıq qismində də diqqətə çatdırıldığını bildirən Mehriban Zeynalova deyib: “Zorakılığın yalnız məişət yox, həm də gender əsaslı qismində tanınması ona kompleks yanaşma tələb edir. Baxmayaraq ki, bir çox ailələrdə məişət zorakılığının qarşısını almaq üçün alətlərin və imkanların artırılması vacib şərtlərdən biridir. Digər məsələlərdən biri isə regional sığınacaqların açılması, təhlükəsizlik tədbirlərinin görülməsi, o cümlədən təhlükəsizlik tədbirləri üçün qaynar xətlərin aktivliyinin artırılması, yerli icra hakimiyyətində yaranmış komissiyaların işlək olmasıdır.
“Qanunvericiliyin sərtləşdirilməsi vacib şərtlərdən biridir. Bu da müzakirə predmetidir. Amma çox vaxt məişət və gender əsaslı zorakılığın real statistikasını əldə etmək mümkün olmur. Çünki qanunvericilik də məişət zorakılığının qarşısını almaq və ya məişət zorakılığı ilə bağlı cəza halları barədə statistikanı kifayət qədər dəqiqləşdirmək mümkün olmur. Bu məsələ də mövcud müzakirələrin predmetidir. Məişət zorakılığı və gender əsaslı zorakılığın qarşısını almaq üçün əsas məsələlərdən biri də ümumiyyətlə zorakılığa məruz qalan şəxslərin təhlükəsizliyi ilə bağlı tədbirlərin görülməsidir. Kişilərlə ayrıca iş aparılmalıdır. Bu kampaniyada dövlət qurumları, qeyri-hökumət təşkilatları, yerli icra hakimiyyətlərinin üzərinə məsuliyyət düşür”, - deyə Mehriban Zeynalova vurğulayıb.
Onun sözlərinə görə, məişət zorakılığına mübarizədə ən vacib amil çevik alətlərin olmasıdır. Bu çevik alətlərdə mexanizmlər olarsa, problemlə mübarizə asanlaşar. Problem elə problemdir ki, müəyyən mənada həm mental, həm düşüncə tərzi, həm də ümumi sosial psixoloji aspektləri özündə əks etdirir. Ona görə də onun çevikliyinin qarşısını almaq üçün alətlərin hazır olması mübarizəni daha səmərəli edir. Lakin bütün dünyada zorakılığı tam aradan qaldırmaq üçün qanun və vətəndaşın qanuna tabeçiliyi əsas amildir. Bu da maarifləndirmə yolu ilə həyata keçirilir. Ölkəmizdə bu sahədə maarifləndirmə prosesində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və digər qurumlar fəal iştirak edirlər.