MEK tərəfindən Qazaxıstan Mərkəzi Elmi Kitabxanasına dəyərli nəşrlər göndərilib
Bakı, 11 may, AZƏRTAC
AMEA-nın Mərkəzi Elmi Kitabxanası (MEK) beynəlxalq əməkdaşlığı, elmi və mədəni əlaqələrini inkişaf etdirir. Bu istiqamətdə uğurlu tərəfdaşlıq əlaqələri həyata keçirilən ölkələrdən biri də Qazaxıstandır. Beynəlxalq tərəfdaşlıq çərçivəsində MEK tərəfindən Qazaxıstan Elm və Təhsil Nazirliyinin Elm Komitəsinin “Qılım Ordası” təsərrüfat idarəetmə hüququ üzrə respublika dövlət müəssisəsinin Mərkəzi Elmi Kitabxanasına müxtəlif mövzuları əhatə edən dəyərli nəşrlər göndərilib.
Bu barədə AZƏRTAC-a MEK-dən məlumat verilib. Bildirilib ki, onların sırasında “İsa Həbibbəyli: milli ideologiya azərbaycançılıq”, “Koroğlu” əsəri, “Azərbaycan ziyalıları XX əsrdə”, “Azərbaycan multikulturalizminin ədəbi-bədii mənşəyi”, “Qərbi Azərbaycanın tarixi coğrafiyası”, “Rusiyada Azərbaycan yazıçıları: milli ədəbiyyatın tarixi inkişafında əlaqələrin rolu”, “Azərbaycanlılar. XIX-XX əsrlərdə xalqın formalaşmasının əsas mərhələləri”, “Azərbaycan ədəbiyyatı” və digərləri var.
Nəşrlər 2021-ci ilin noyabr ayında MEK ilə Qazaxıstan Mərkəzi Elmi Kitabxanası arasında imzalanan müqavilə çərçivəsində hər iki kitabxananın fondlarının zənginləşdirilməsi, müvafiq ədəbiyyatların əldə edilməsi istiqamətində təqdim edilib.
Qeyd edək ki, əməkdaşlıq nəticəsində MEK fondlarında Qazaxıstana aid 250 nüsxəyə qədər müxtəlif dillərdə dəyərli nəşrlər mühafizə olunur. Onların sırasına Qazaxıstan Respublikasının Azərbaycandakı səfirliyinin Mərkəzi Elmi Kitabxanaya hədiyyə etdiyi müasir qazax poeziyası və nəsr antologiyalarını rus dilində ikicildliyi, Qazaxıstan dövləti, onun coğrafiyası, müasir şəhər arxitekturası, tarixini əks etdirən nəşrlər, eləcə də qazax xalqının mədəniyyəti, adət-ənənələri və milli dəyərləri haqqında məlumat verilən dəyərli kitablar var.