Meksika hökuməti “Otis” qasırğasından sonrakı bərpa işlərini qiymətləndirib
Bakı, 2 noyabr, AZƏRTAC
Bu gün Meksika hökuməti bildirib ki, keçən həftə 46 nəfərin ölümünə səbəb olan “Otis” dağıdıcı qasırğasının təsirindən sonra Qerrero cənub ştatında bərpa işlərinin dəyəri təxminən 3,4 milyard dollar təşkil edəcək.
AZƏRTAC xəbər verir ki, bu, Meksika hökumətinin ilk rəsmi hesablamalarıdır.
Təxminən 580 milyon dollar təbii fəlakətdən ən çox zərər çəkmiş şəhər olan Akapulkonun ictimai infrastrukturunun bərpasına yönəldiləcək.
Hökumət, həmçinin 278 milyon dollar ayıraraq, 373 oteli dəstəkləyəcək.
“Otis” qasırğasından zərər çəkmiş 250 min ailəyə hökumət üç ay ərzində əsas ərzaq səbətini çatdıracaq, bu məqsədlə o, soba, paltaryuyan maşın kimi ev əşyaları şəklində verilmiş 222,2 milyon dollara əlavə olaraq 180,5 milyon dollar ayıracaq.
Milad bayramına qədər “Akapulkonu normal vəziyyətə qaytarmağı” vəd edən Prezident Lopes Obrador bildirib ki, “söhbət xalqın rifahından gedəndə, resurslar məhdudiyyətsizdir”. Akapulko Meksikanın ən çox zərərçəkmiş rayonlarından biridir: kurortun mehmanxanalarının 80 faizi zədələnib, küçələri isə su basıb. Hökumətin məlumatına əsasən, 220 mindən çox evə ziyan dəyib, 513 mindən çox insan elektrik enerjisindən məhrum olub.
Səlahiyyətlilər bildirib ki, özündən sonra milyardlarla dollar dəyərində qiymətləndirilən dağıntılar qoyan “Otis” qasırğası Meksikanın Sakit okean sahilində qeydə alınmış ən güclü qasırğadır. Regionların bərpasına köməklik etmək üçün təxminən 8 min hərbi qulluqçu cəlb olunub.