Məktəblilər narkomanlığın cəmiyyətə və insanların sağlamlığına zərərli təsirləri barədə məlumatlandırılıb
Bakı, 4 fevral, AZƏRTAC
Goranboy Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayondakı 2 saylı orta məktəbdə narkomanlığın cəmiyyətə və insanların sağlamlığına zərərli təsirləri, erkən nikahın fəsadları ilə bağlı görüş keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, Goranboy Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Ramin Qədirov narkomaniyanın, narkotiklərin qanunsuz dövriyyəsinin yaratdığı problemlərdən, onların insanların sağlamlığı və genefondumuz üçün doğurduğu fəsadlardan danışıb. O deyib ki, yeniyetmə və gənclərin zərərli vərdişlərə meyil göstərmələrinin qarşısını almaq üçün valideynlər və müəllimlər onların asudə vaxtlarının səmərəli təşkilinə ciddi diqqət yetirməli, uşaqların elmə, idmana və təhsilə yönləndirilməsi istiqamətində davamlı iş aparmalıdırlar.
Rəis bildirib ki, erkən nikahlar ailə zorakılığının ən ağır formalarından biridir. Azərbaycan qadın və uşaq hüquqları ilə bağlı əksər konvensiyalara qoşulub və qanunvericilik beynəlxalq standartlara uyğunlaşdırılıb. Deməli, erkən nikah bu konvensiyaların tələblərinə ziddir. Belə ki, erkən nikah həm azyaşlı ananın, həm də uşağın insan hüquqlarını kobud şəkildə pozur. Natiq onu da vurğulayıb ki, erkən yaşda qurulan evliliklərdə peşmanlıq, qəzəb, xəyal qırıqlığı kimi neqativ emosiyalar baş qaldırır. Aparılan araşdırmalarda uşaq yaşlarında ailə quran qadınların psixoloji sağlamlıqları ilə bağlı problemlər yaşama riskinin 53 faiz olduğu müəyyənləşib.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.