Melinda Qeyts gender bərabərliyinin inkişafı üçün 1 milyard dollar ianə verəcəyini vəd edib
Vaşinqton, 3 oktyabr, AZƏRTAC
Melinda Qeyts çərşənbə günü elan edib ki, qarşıdakı 10 il ərzində ABŞ-da gender bərabərliyinin inkişafı üçün 1 milyard dollar ianə vermək niyyətindədir.
AZƏRTAC xəbər verir ki, gender bərabərliyi Melinda Qeyts üçün illər boyu prioritet məsələ olub. O, gender bərabərliyini Bill və Melinda Qeyts Fondunun və 2015-ci ildə təsis etdiyi “Pivotal Ventures” investisiya şirkətinin proqramları vasitəsilə dəstəkləyir. Melinda Qeytsin 2019-cu ildə çapdan çıxmış “Yüksəliş anı: qadınların hüquq və imkanlarının genişlənməsi dünyanı necə dəyişdirir” adlı kitabı da gender bərabərliyi mövzusuna həsr edilib.
Melinda Qeyts və onun komandası onların fikrincə, qadınların işdə üzləşdiyi maneələrin aradan qaldırılmasına, iş yerində onlar üçün yaxşı imkanlar yaradılmasına və rəhbər vəzifələrə irəli çəkilməsinə, iş yerlərində gender bərabərliyinin təmin edilməsinə görə biznesin üzərinə məsuliyyət qoyulmasına ciddi təsir göstərəcək güc dəyişikliyi müəyyən edib.
Qeyts və onun “Pivotal Ventures” investisiya şirkətindən olan komandası bu üç prioritetə sadiq qalan təşkilatların aşkar edilməsi və maliyyələşdirilməsi üçün 1 milyard dollar həcmində fondun vəsaitindən istifadə edəcəklər. Bu təşkilatlar seksual təcavüzə və iş yerində ayrı-seçkiliyə qarşı mübarizə, qadınların rəhbər vəzifələr tutmasına əngəl yaradan maneələrin aradan qaldırılması, adətən kişilərin üstünlük təşkil etdiyi müxtəlif sahələrdə qadınların daha çox təmsil olunması, müvafiq islahatlar aparılması məqsədi ilə təşkilat və təsisatlara təzyiq göstərilməsi kimi məsələlərlə məşğul olurlar.
Amerikalı sahibkar və xeyriyyəçi Melinda Qeyts “Microsoft Corporation” şirkətinin təsisçisi və dünyada ən varlı adamlardan biri olan Bill Qeytsin həyat yoldaşı, “Bill və Melinda Qeyts Fondu”nun həmtəsisçisi və həmsədridir. Əvvəllər “Microsoft” şirkətində “Publisher”, “Microsoft Bob”, “Encarta” və “Expedia” kimi məhsulların satışı bölməsinin meneceri olub.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton