ELM VƏ TƏHSİL
Mərkəzi Elmi Kitabxananın fondu zənginləşir
![Mərkəzi Elmi Kitabxananın fondu zənginləşir](/files/2015/3/1200x630/14471706675203945288_1200x630.jpg)
Bakı, 10 noyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutu direktorunun müavini Şahin Mustafayev UNESCO-nun Beynəlxalq Mərkəzi Asiya Tədqiqatları İnstitutunda nəşr olunan otuzdan çox kitabı AMEA-nın Mərkəzi Elmi Kitabxanasına hədiyyə edib.
MEK-dən AZƏRTAC-a bildiriblər ki, təqdim olunan kitablar institutun həyata keçirdiyi müxtəlif elmi-araşdırma layihələrinin nəticələrini əks etdirir.
Kitablar əsasən İpək Yolu üzərində yerləşən Mərkəzi Asiya ölkələrinin, eləcə də ətraf bölgələrin tarixinə və mədəniyyətinə həsr edilib. Onların arasında arxeologiyaya, o cümlədən bölgənin köçəri mədəniyyəti, miniatür və dekorativ sənəti, Qazaxıstanın arxeoloji memarlığına dair kitablar, Səmərqənd muzeyində saxlanılan ərəb qrafikalı əlyazmaların kataloqu, institutun dövri bülletenləri və digər əsərlər yer alıb.
Ş.Mustafayev kitabların ingilis və rus dillərindəki nəşrlərini MEK-ə təqdim edib.
MEK-in direktoru Leyla İmanova təqdim edilən elmi əsərlərin oxucularda böyük maraq doğuracağını və alimlərimiz üçün faydalı olacağını söyləyib.