Mərkəzi Neftçilər Xəstəxanasında “İzsiz tireoidektomiya” mövzusunda konfrans keçirilib YENİLƏNİB
Bakı, 26 yanvar, AZƏRTAC
Yanvarın 26-da Mərkəzi Neftçilər Xəstəxanasında “İzsiz tireoidektomiya” mövzusunda konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə transoral endoskopik tireoidektomiya əməliyyatını canlı izləyiblər.
Konfransda çıxış edən xəstəxananın baş direktoru Ülvi Mirzəyev icra olunan əməliyyatdan danışıb və onu Azərbaycan səhiyyəsinin uğuru adlandırıb. Baş direktor xəstəxananın tibbin yeniliklərini daim təqib etdiyini və burada pasiyentlərə son nailiyyətlərin tətbiq olunduğunu bildirib.
Sonra xəstəxananın cərrahiyyə və orqan transplantasiyası şöbəsinin müdiri Elmir Əsgərov çıxış edib və həyata keçirilən əməliyyat barədə məlumat verib: “Hazırda klassik cərrahiyyə öz yerini minimal invaziv cərrahiyyəyə verib. Endoskopik cərrahiyyə artıq çox geniş istifadə olunur. Bu gün icra olunan əməliyyat transoral endoskopik tireoidektomiya, yəni ağız içindən zob əməliyyatı - izsiz tireoidektomiyadır. Bu əməliyyat ölkəmizdə ilk dəfə olaraq aparıldı və müvəffəqiyyətlə yekunlaşdı. Bu, Azərbaycan səhiyyəsinin uğurlu inkişafının göstəricisidir”.
Konfransda məşhur endokrin-cərrah, Türkiyənin Ege Universitetinin professoru Özer Makayın “Transoral endoskopik tireoidektomiya”, “Tireoidin malign xəstəliklərinə müasir yanaşma”, universitetin həkimi Murat Özdemirin “Tireoid düyünlərinə müasir yanaşma”, Azərbaycan Endokrinologiya Klubunun rəhbəri Hidayət Məmmədzadənin “Subakut tireoiditlər” mövzularında məruzələri dinlənilib.
Sonda iştirakçılarla interaktiv sual-cavab keçirilib.