“Metafizika” jurnalının yeni nömrəsi çapdan çıxıb
Bakı, 1 sentyabr, AZƏRTAC
“Metafizika” beynəlxalq fəlsəfi və fənlərarası araşdırmalar jurnalının 15-ci nömrəsi çapdan çıxıb.
Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib. Bildirilib ki, nəşrin bu nömrəsində Azərbaycan, rus, ingilis və fars dillərində məqalələr yer alıb. Belə ki, jurnalda “Fəlsəfi antropologiyada cismani yanaşma”, “Sədrəddin Şirazi və Q.Leybnitsin fəlsəfi düşüncələrində şər probleminin müqayisəli araşdırılması”, “Sovet Azərbaycanında dinə qarşı aparılan siyasətin xüsusiyyətləri (1920-1940)”, “Transsendent fəlsəfədə bəşəriyyətin müdrikliyinə əsasən insan haqlarının aksiologiyası” mövzusunda məqalələr öz əksini tapıb. Həmçinin “Nizamlı xaotika (xaos)”, “Azərbaycan-Türkiyə strateji tərəfdaşlığı və müttəfiqliyi müasir mətbuatda”, “Doğruluq plüralizmi nəzəriyyəsi: mənfi nəticələr və təhdidlər”, “Azərbaycan təsviri sənətində “Mimesis” məsələsinə baxış”, “Nizami Gəncəvi dövrünün numizmatik faktları barədə” məqalələri yer alıb.
Qeyd edək ki, müxtəlif ölkələrdən tanınmış alimlərin təmsil olunduğu jurnalın baş redaktoru AMEA prezidentinin köməkçisi, fəlsəfə elmləri doktoru Ələddin Məlikovdur. Altı dildə (Azərbaycan, türk, ingilis, rus, ərəb və fars) məqalələrin qəbul edildiyi jurnalda elmi, tarixi, bədii, fəlsəfi, sənətşünaslıq axtarışlarına həsr olunan araşdırmalara yer verilir.
Jurnal “International Index Copernicus”, “Ideal Online”, “EBSCO”, “TEI”, “CiteFactor”, “SID”, “Advanced Science Index” və digər nüfuzlu impakt faktorlu indekslərdə qeydiyyata alınıb.