Beynəlxalq ictimaiyyət ilk dəfə Ümumdünya Futbol Gününü qeyd edir
Bakı, 25 may, AZƏRTAC
Mayın 25-də beynəlxalq ictimaiyyət ilk dəfə Ümumdünya Futbol Gününü rəsmi şəkildə qeyd edir. Bu əlamətdar gün BMT Baş Assambleyasının 2024-cü ilin may ayında qəbul etdiyi qətnamə ilə təsis olunub.
AZƏRTAC xəbər verir ki, Ümumdünya Futbol Gününün təsis edilməsi 1924-cü ildə Parisdə keçirilən Yay Olimpiya Oyunlarında dünyanın bütün bölgələrindən nümayəndələrin iştirak etdiyi ilk beynəlxalq futbol turnirinin 100 illiyi ilə üst-üstə düşür.
Birləşmiş Millətlər Təşkilatı idmanın sülhə, sosial birliyə və Davamlı İnkişaf Məqsədlərinə nail olmağa töhfə verdiyini, futbolun universallıq və qlobal əhatə dairəsi baxımından bu prosesdə xüsusi yer tutduğunu vurğulayır.
Qeyd olunur ki, futbol müxtəlif yaş, mədəniyyət və sosial qruplardan olan insanlar üçün ortaq bir dildir, dünyada milyonlarla insanı birləşdirir, habelə icma və milli kimlik hissini inkişaf etdirir.
BMT əlavə edir ki, futbolun geniş əlçatanlığı onu sağlamlığın, rifahın, gender bərabərliyinin təşviqi, qadın və qızların səlahiyyətləndirilməsi üçün təsirli bir vasitəyə çevirir. Bundan başqa, futbol müxtəlif icmalar arasında sosial inteqrasiyanı, qarşılıqlı anlaşmanı, hörməti, tolerantlıq və həmrəyliyi təşviq edir.
Qəbul edilmiş qətnamədə futbolun qlobal əhatə dairəsi, ticarət, sülh və diplomatiya da daxil olmaqla müxtəlif sahələrdəki təsiri vurğulanır. Sənəddə, həmçinin Beynəlxalq Futbol Federasiyasının (FIFA) fundamental rolu, eləcə də regional və milli futbol federasiyaları və assosiasiyalarının idmanın inkişafına verdiyi töhfələr tanınır.
Baş Assambleya üzv dövlətləri sülhün və inkişafın, sosial inteqrasiyanın, mədəniyyətlərarası dialoqun, Davamlı İnkişaf Məqsədlərinə nail olmağın təşviqi üçün bir vasitə kimi futbol da daxil olmaqla idmanı dəstəkləməyə çağırır.
BMT, həmçinin dövlətlərə, idman təşkilatlarına və digər maraqlı tərəflərə Ümumdünya Futbol Gününü milli prioritetlərə uyğun olaraq qeyd etməyi, təhsil və maarifləndirmə təşəbbüsləri vasitəsilə futbolun müsbət təsiri haqqında məlumat yaymağı tövsiyə edir.