Özbəkistan universitetinin rektoru AzTU-nun qonağı olub
Bakı, 25 may, AZƏRTAC
Özbəkistan Respublikasının Asiya Texnologiyalar Universitetinin rektoru Loçin Raxmonovun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Texniki Universitetinin (AzTU) qonağı olub.
AzTU-dan AZƏRTAC-a bildirilib ki, elm və innovasiyalar üzrə prorektor professor Sübhan Namazov qonaqlara bu ali təhsil müəssisəsinin fəaliyyəti barədə ətraflı məlumat verib. Sübhan Namazov AzTU-nun qardaş Özbəkistanın ali təhsil müəssisələri ilə əməkdaşlığa önəm verdiyini diqqətə çatdırıb və son dövrlərdə bu əlaqələrin daha da genişləndiyini qeyd edib.
Asiya Texnologiyalar Universitetinin rektoru Loçin Raxmonov təmsil etdiyi ali təhsil müəssisəsinin fəaliyyətindən bəhs edərək onun yeni yarandığını bildirib. Qonaq uzunmüddətli zəngin təcrübəyə malik AzTU ilə əməkdaşlığın rəhbərlik etdiyi universitetə əhəmiyyətli töhfə verəcəyini vurğulayıb.
Rektor, həmçinin Asiya Texnologiyalar Universitetində mühəndislik ixtisaslarının dizayn olunmasında AzTU-nun mütəxəssislərinin təcrübəsindən yararlanmaq və AzTU-nun təhsil proqramlarını tətbiq etmək istədiklərini də vurğulayıb.
Görüş zamanı tədris və tədqiqat istiqamətində əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb.