Leyla Əhmədova: İnnovativ dayanacaq layihəsi davamlı şəhər infrastrukturuna xidmət edir
Bakı, 25 may, AZƏRTAC
Müasir şəhərlərdə atmosfer çirklənməsi, enerji istehlakının artması və karbon emissiyalarının yüksəlməsi ekoloji problemlərin əsas səbəblərindən biridir. Bu problemlərin həlli məqsədilə davamlı və innovativ şəhər infrastrukturlarının yaradılması mühüm əhəmiyyət daşıyır. Yosun əsaslı “ağıllı” avtobus dayanacağının konseptual modeli layihəsi yosun əsaslı fotobioreaktor sistemi ilə inteqrasiya olunmuş Günəş enerjili “ağıllı” avtobus dayanacağı – ekoloji və texnoloji yanaşmaları bir araya gətirən müasir konsepsiyadır.
Bunu AZƏRTAC-a açıqlamasında Botanika İnstitutunun layihələr və qrantlar sektoru üzrə Baş mütəxəssisi Leyla Əhmədova deyib.
O diqqətə çatdırıb ki, layihənin əsas məqsədi şəhər mühitində ekoloji cəhətdən davamlı, enerji müstəqil və hava keyfiyyətini yaxşılaşdıran “ağıllı” dayanacaq sisteminin yaradılmasıdır.
“Dayanacağın dam hissəsində yerləşən Günəş panelləri günəş radiasiyasını elektrik enerjisinə çevirir. Toplanan enerji batareya sistemində saxlanılır və işıqlandırma, elektron məlumat ekranları, USB şarj portları və ventilyasiya sistemlərinin işləməsini təmin edir. Beləliklə, sistem tam və ya qismən enerji müstəqilliyi qazanır. Layihənin əsas innovativ hissəsi arxa paneldə yerləşən fotobioreaktor sistemidir. Bu sistemdə yosun kulturası su mühitində inkişaf edir və fotosintez prosesi həyata keçirir. Fotosintez zamanı yosunlar atmosferdən karbon qazını (CO2) qəbul edir və oksigen (O2) istehsal edir. Bu proses şəhər mühitində hava keyfiyyətinin yaxşılaşdırılmasına kömək edir. Yosun əsaslı Günəş enerjili “ağıllı” avtobus dayanacağı layihəsi gələcəyin davamlı şəhər infrastrukturu üçün innovativ model hesab oluna bilər. Layihə ekoloji təmiz enerji istehsalı, karbon emissiyalarının azaldılması və ictimai xidmətlərin modernləşdirilməsi baxımından böyük potensiala malikdir. Bu cür sistemlərin tətbiqi urban ekosistemlərin daha sağlam və dayanıqlı inkişafına töhfə verə bilər”,-deyə L.Əhmədova əlavə edib.