Elşad Quliyev: Azərbaycan minifutbol millisi Avropa çempionatına tam hazırdır
Bakı, 25 may, AZƏRTAC
Komandamız Avropa çempionatına tam hazırdır. Milli çox yaxşı təlim-məşq toplanışı keçib.
AZƏRTAC xəbər verir ki, bu sözləri Slovakiyanın paytaxtı Bratislavada keçiriləcək Avropa çempionatına hazırlaşan Azərbaycan minifutbol millisinin baş məşqçisi Elşad Quliyev jurnalistlərə açıqlamasında deyib.
Mütəxəssis yığmada ümumi vəziyyətin qənaətbəxş olduğunu, lakin bəzi futbolçuların zədə səbəbindən tam hazır olmadıqlarını bildirib: “Hazırlıq planlaşdırdığımız şəkildə keçib. Bununla belə, müəyyən zədə problemlərimiz var. Təmkin Xəlilzadə bu səbəbdən son üç məşqdə iştirak etməyib. Kapitan Elvin Əlizadə isə məşqlərə qoşulsa da, hələ tam hazır vəziyyətdə deyil. Düşünmürəm ki, onların yoxluğu ciddi şəkildə hiss olunsun. Hər iki futbolçu komandaya həmişə böyük fayda verib”.
Baş məşqçi rəqiblərin gücünə yaxşı bələd olduqlarını vurğulayıb: “Rəqiblərimizi tanıyırıq və əsas məqsədimiz qrup mərhələsini uğurla başa vurmaqdır. Hazırda dünya reytinqinin lideriyik. Buna görə də bütün komandaların bizə qarşı xüsusi motivasiya ilə çıxış edəcəyini anlayırıq. Lakin biz də öz gücümüzə inanırıq, arxayınlaşmırıq. Heyətdə bir neçə dəyişiklik etmişik və bütün futbolçulara güvənirik”.
Qeyd edək ki, Avropa çempionatı mayın 27-dən iyunun 4-dək Bratislavada keçiriləcək. Azərbaycan millisi F qrupunda Fransa, İtaliya və Avstriya yığmaları ilə mübarizə aparacaq.