Azərbaycanda sahibkarlığın inkişaf mexanizmlərinə dair yeni monoqrafiya nəşr olunub
Bakı, 25 may, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun Biznes mühitinin tənzimlənməsi və sahibkarlığın inkişafı şöbəsinin əməkdaşlarının “Azərbaycanda sahibkarlığın inkişafının iqtisadi mexanizmləri” adlı kollektiv monoqrafiyası nəşr edilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, kitabın müəllifləri professorlar Tərbiz Əliyev və Qəzənfər Süleymanov, dosentlər Mahir Zeynalov, Əbdül Səməd Həsənov, Ramil Əliyev, elmi işçilər Sevda Mahmudova, Minarə Ağayeva və Sidiqə Balamiyevadır.
Monoqrafiyada Azərbaycanda sahibkarlığın inkişafının əsas xüsusiyyətləri, iqtisadi mexanizmləri, qeyri-neft sektorunda sahibkarlıq fəaliyyəti, maliyyə-vergi tənzimlənməsi, sahibkarlıq subyektlərinin məqsədli maliyyələşdirmə alətləri, işğaldan azad olunmuş ərazilərdə yeni iqtisadiyyat quruculuğu və biznesin inkişafı məsələləri təhlil olunub. Emal sənayesində fərdi sahibkarlıq fəaliyyətinin müasir vəziyyəti təhlil edilməklə yanaşı, təkmilləşdirilməsi istiqamətləri verilib. Azərbaycanda startaplar, startap ekosistemi və bu sahədəki beynəlxalq təcrübə tədqiq olunub. Ölkəmizdə qadın sahibkarlığının inkişaf meyilləri və əsas xüsusiyyətləri təhlil edilib. Sonda tədqiqatın nəticələrini özündə ehtiva edən yekun təkliflər və tövsiyələr öz əksini tapıb.
Kitab elmi işçilər, tədqiqatçılar, magistrlər, doktorantlar, iqtisadi siyasət məsələləri ilə məşğul olanlar üçün nəzərdə tutulub.