Bu gün Ümumdünya Futbol Günüdür: Bu oyun sadəcə topun arxasınca qaçmaq deyil
Bakı, 25 may, AZƏRTAC
Futbolun dünyaya verdiyi sevinc danılmazdır. Bu idman növü bu gün dünyanın demək olar ki, bütün ölkələrində oynanılır və həm peşəkar, həm də həvəskar səviyyədə geniş yayılıb. Kütləviliyi baxımından futbol ən populyar idman növlərindən biridir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında UEFA-nın Bakıda keçirilən məşqçi kurslarında təlimatçı kimi çalışan Arif Əsədov Ümumdünya Futbol Günü münasibətilə danışarkən deyib.
Mütəxəssis futbolun yalnız meydanda topun arxasınca qaçmaqdan ibarət olmadığını vurğulayıb: “Futbol böyük bir elm və sistemdir. Bu oyunu sadəcə topun arxasınca qaçmaq kimi dəyərləndirmək düzgün deyil. Futbolçu karyerasından sonra məşqçilik fəaliyyəti də geniş bilik və təcrübə tələb edən ayrıca bir sahədir. Futbolda inkişaf və hazırlıq mərhələləri mövcuddur və bunları keçmək üçün illər sərf olunur”.
A.Əsədovun sözlərinə görə, futbolun təsiri idmanın sərhədlərini aşır: “Futbol siyasi, maliyyə və kommunikasiya baxımından da mühüm rol oynayır. Dövlətlər arasında əlaqələrin qurulmasına, müxtəlif mədəniyyətlərin bir-birinə yaxınlaşmasına töhfə verir. Bu mənada futbol ölkələri, xalqları və fərqli mentalitetləri birləşdirən vacib vasitələrdən biridir”.
O, futbolun öz həyatında da xüsusi yer tutduğunu dilə gətirib: “Özümü dərk etdiyim ilk illərdən futbolla məşğulam. Uşaqlıqda məhəllədə oynayar, günün böyük hissəsini futbola həsr edərdik. Peşəkar futbola isə dördüncü sinifdən başlamışam. Həmin gündən indiyə qədər futbol həyatımın ayrılmaz hissəsi olub və özümü onsuz təsəvvür etmirəm”.
Arif Əsədov futbolun ona həm mənəvi, həm də peşəkar baxımdan böyük töhfələr verdiyini vurğulayıb: “Futbol mənə insani keyfiyyətlər, geniş dünya görüşü və peşəkar təcrübə qazandırıb. Bu gün də fəaliyyətimi bu sahədə davam etdirirəm. Hətta övladlarım arasında da futbolla məşğul olanlar var. Buna görə futbol mənim üçün sadəcə peşə deyil, eyni zamanda böyük sevgi və həyat tərzidir”.