Nərimanov rayonunda yanğın təhlükəli obyektin fəaliyyəti dayandırılıb
Bakı, 25 may, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 2 ünvanında yerləşən “Eurohome” tikinti materiallarının satışı bazarında keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində bir sıra nöqsanlar aşkar edilib.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, bazarda elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması Qaydaları”nın tələblərinə uyğun quraşdırılmayıb, o cümlədən yanğın təhlükəsi törədə bilən keçirici müqavimətin əmələ gəlməməsi üçün kabel və naqillərin birləşmə sahələri və sonluqları xüsusi sıxaclarla və ya qaynaq yolu ilə bərkidilməyib, izolyasiyası zədələnmiş nasaz elektrik avadanlıqlarından istifadə olunur və elektrik naqilləri yanar materialların üzəri ilə çəkilib. Oobyekt avtomatik yanğın xəbərverici siqnalizasiya sistemi ilə tam təmin edilməyib, mövcud qurğu isə nasaz vəziyyətdədir, həmçinin ilkin yanğınsöndürmə vasitələri ilə tam təmin edilməyib. Bəzi divar və tavan hissələri yanar material olan lambirlə üzlənilib, taxta konstruksiyalara isə odadavamlı məhlul hopdurulmayıb. Obyektin ərazisi yanar tullantılardan təmizlənməyib, insanların təxliyəsi üçün “Çıxış” sözü yazılmış işıqlı göstəricilər quraşdırılmayıb. Obyektin əsaslı təmiri, yenidən qurulması və genişləndirilməsi zamanı tikinti layihə sənədləri Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılmayıb.
“Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək. Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş “Eurohome” tikinti materiallarının satışı bazarınının fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub və qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib”, - deyə məlumatda vurğulanıb.