Mexikoda keçirilən festivalda Azərbaycan mədəniyyəti və mətbəxi təqdim olunur
Vaşinqton, 27 aprel, AZƏRTAC
Meksikanın paytaxtı Mexiko şəhərinin mərkəzi Zokalo meydanında ənənəvi Dost Mədəniyyətləri Festivalı keçirilir.
Festivalın təntənəli açılış mərasimində Mexiko şəhəri hökumətinin başçısı (şəhərin meri) Xose Ramon Amiyeva, şəhər qanunverici orqanının üzvləri, Meksikada akkreditə olunmuş diplomatik korpus təmsilçiləri və KİV nümayəndələri iştirak ediblər. Azərbaycanı tədbirdə Meksikadakı müvəqqəti işlər vəkili Məmməd Talıbov təmsil edib.
2009-cu ildən başlayaraq ənənəvi olaraq həmrəylik və müxtəliflik şüarı altında Mexiko şəhəri hökumətinin təşkilatçılığı ilə keçirilən bu festivalın əsas məqsədi müxtəlif ölkələrin mədəniyyəti, mətbəxi və ənənələri ilə Meksika əhalisinin tanış edilməsidir. Festivala ildən-ilə maraq artır. Bu il doxsanadək ölkənin qatıldığı, iki həftə davam edəcək bu tədbirə dörd milyona yaxın ziyarətçinin gəlməsi gözlənilir. Ənənəyə çevrilən bu festival Meksikanın müxtəlif regionlarından, həmçinin xaricdən turistləri cəlb edir.
Azərbaycan festivalın həm mədəniyyət, həm də milli mətbəxlərə aid hissəsində təmsil olunur. Festivalın qonaqlarına Azərbaycan tarixi, xüsusilə müsəlman Şərqinin ilk demokratiyası olan və bu il yaranmasının 100 illiyi bütün dünya azərbaycanlıları tərəfindən böyük təntənə ilə qeyd edilən Azərbaycan Xalq Cümhuriyyəti, həmçinin ölkəmizin mədəniyyəti və milli mətbəxi ilə bağlı məlumat verilir. Bundan başqa, video və çap materialları nümayiş etdirilir, iştirakçılara kitabça və broşürlər paylanılır, Azərbaycan milli mətbəxinin ləziz təamlarından dadmaq imkanı təqdim olunur. Festivalın çoxsaylı qonaqları Azərbaycan stendinə böyük maraq göstərirlər.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton