MİLLİ AZƏRBAYCAN TARİXİ MUZEYİ İLƏ TANIŞLIQ
AZƏRTAC xəbər verir ki, iyunun 27-də Dağıstan Respublikasının Prezidenti Muxu Əliyev Milli Azərbaycan Tarixi Muzeyində olmuşdur. Qonağa məlumat verilmişdir ki, 300 mindən çox eksponatın nümayiş etdirildiyi muzeyin Bakının memarlıq abidələrindən biri hesab olunan binası 1895-1897-ci illərdə tikilmiş və Azərbaycan milyonçusu, məşhur messenat Hacı Zeynalabdin Tağıyevin şəxsi mülkü olmuşdur. Azərbaycan ərazisində mövcud olmuş Atropatena, Albaniya, Şirvanşahlar, Ağqoyunlular, Səfəvilər dövlətləri dövrlərinə aid maddi mədəniyyət nümunələri Azərbaycanda qədim dövlətçilik ənənələrindən xəbər verir.
Dağıstan Prezidentinə bildirilmişdir ki, 130-dan çox əməkdaşı olan muzey Azərbaycan Milli Elmlər Akademiyasının strukturunda elmi tədqiqat və mədəni-maarif müəssisəsi funksiyasını da yerinə yetirir. Muzeyin binası Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi ilə əsaslı təmir edilmiş və yeni görkəm almışdır.
######
