“Milli kimlik və bədii mətn” monoqrafiyası çap olunub
Bakı, 26 dekabr, AZƏRTAC
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Ədəbiyyat nəzəriyyəsi şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Tahirə Məmmədin “Milli kimlik və bədii mətn” monoqrafiyası “Elm və təhsil” nəşriyyatında çap olunub.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, monoqrafiyada bədii mətnin informativliyi, enerjisi, təsir imkanları nəzərə alınaraq milli kimlik və bədii mətn münasibətlərinə aydınlıq gətirilib, həmin münasibətlərin tədqiqi istiqamətləri və araşdırılmasının elmi səmərəliliyi müəyyənləşdirilib.
Nəşrdə izah olunur ki, milli kimliyin mətndə ifadə üsulları, müəllifin mətndə ifadə olunan milli kimliyi, miqrasiya olunmuş müəlliflərin yaradıcılığında milli kimlik problemi, milli kimliyin inkişafında ədəbiyyatın strateji funksiyası, mətnin milli kimliyi (hansı milli ədəbiyyata aid olması) və s. kimi problemlərin öyrənilməsi üçün milli kimlik və bədii mətn elmi baxış bucağı kimi götürülə və inkişaf etdirilə bilər. Müəllif bu problemləri əlaqələndirərək araşdırma aparıb.
Klassiklərimizin yaradıcılığında milli kimlik məsələsi, Azərbaycan romantizmində millət və Vətən anlayışları, sovet ədəbiyyatı qarşısında qoyulan “formaca milli, məzmunca sosialist” prinsipindəki ziddiyyətlər və s. kimi problemlər monoqrafiyada tədqiq edilib və səmərəli elmi müddəalar irəli sürülüb.