MƏDƏNİYYƏT
Milli Kitabxanada “Biblioqrafiyaşünas alim Solmaz Sadıqova” adlı kitab sərgisi açılıb
Bakı, 4 noyabr, AZƏRTAC
Milli Kitabxananın əməkdaşları tərəfindən dəyərli biblioqrafiyaşünas alim Solmaz Sadıqovanın həyat və fəaliyyətinə həsr olunmuş virtual sərgi və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, “Biblioqrafiyaşünas alim Solmaz Sadıqova” adlı virtual sərgidə rəsmi sənədlər, fotolar, kitablar və dövri mətbuat səhifələrində dərc olunan materiallar nümayiş olunur.
Virtual sərgi ilə tanış olmaq istəyənlər https://anl.az/el/vsb/Solmaz_Sadiqova/index.htm linkindən istifadə edə bilərlər.
Ənənəvi sərgidə isə biblioqrafiyaşünas alimin müəllifi, tərtibçisi olduğu, rəy verdiyi kitablar, eləcə də dövri mətbuat səhifələrində dərc olunan məqalələri Azərbaycan və müxtəlif dillərdə nümayiş olunur.
Sərgi bir həftə davam edəcək.
Qeyd edək ki, Solmaz Azay qızı Sadıqova 1959-cu il noyabrın 5-də Zərdab şəhərində anadan olub. 1976-cı ildə Zərdab şəhər 1 saylı orta məktəbi bitirib.
1980-1985-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Kitabxanaçılıq (hazırda İnformasiya və sənəd menecmenti) fakültəsində təhsil alıb. 1985-ci ildə təyinatla F.Köçərli adına Respublika Uşaq Kitabxanasında böyük kitabxanaçı, elmi katib, 1986-1994-cü illərdə Elmi-metodika şöbəsinin müdiri vəzifələrində işləyib.
Dosent Solmaz Sadıqovanın 2018-ci ildə çapdan çıxmış monoqrafiyası “Azərbaycan milli biblioqrafiyası qlobal informasiya məkanında” adlanır. Qlobal informasiya məkanında Azərbaycan milli biblioqrafiyasının yeri, rolu və əhəmiyyətindən bəhs edən monoqrafiya Bakı Dövlət Universitetinin yaradılmasının 100 illik yubileyinə həsr olunub. Həmin ildə elmi məqaləsinin biri (İnitial resources on socio-political information) Vyanada “The European Journal of Humanities and Social Sciences” jurnalında ingilis dilində çap olunub.