MİLLİ MƏCLİS DAHA 8 ÖLKƏDƏ SƏFİRLİK YARADILMASINA RAZILIQ VERMİŞDİR
AZƏRTAC xəbər verir ki, iclasda “Feldyeger rabitəsi orqanında xidmətkeçmə haqqında” Əsasnamənin layihəsi müzakirə olunmuşdur.
Layihə ilə bağlı parlamentin hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının üzvü Cahangir Hüseynov məlumat vermişdir. O demişdir ki, Əsasnamə feldyeger rabitəsi orqanında xidmətkeçmənin hüquqi əsaslarını, feldyeger rabitəsi xidmətində çalışanların sosial hüquqlarının müdafiəsi və digər prinsipləri tənzimləyir.
Layihənin müzakirəsi zamanı bir sıra irad və təkliflər səslənmişdir. Dövlət feldyeger xidmətinin rəisi polkovnik Ədalət Paşayev və komissiyanın üzvü Cahangir Hüseynov təkliflərə münasibət bildirmişlər. Qeyd olunmuşdur ki, feldyeger xidməti əvvəllər rabitə və informasiya texnologiyaları, daxili işlər nazirliklərinin tabeçiliyində fəaliyyət göstərirdi. Prezidentin fərmanı ilə sonradan bu qurum Nazirlər Kabineti yanında müstəqil fəaliyyət göstərir. Əsasnamə təsdiq edildikdən sonra feldyeger xidməti əməkdaşları xüsusi statusa və toxunulmazlığa malik olacaqlar. Sənəd səsə qoyularaq birinci oxunuşda qəbul olunmuşdur.
Sonra Azərbaycanın bir sıra ölkələrdə səfirliklərinin təsis edilməsi məsələsi müzakirəyə çıxarılmışdır.
Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının sədri Səməd Seyidov demişdir ki, Prezident İlham Əliyev Azərbaycanın dünya ölkələri ilə əlaqələrinin daha da genişləndirmək və ölkəmizin haqq səsinin dünya ictimaiyyətinə çatdırılmasının səmərəliliyini artırmaq məqsədi ilə daha 8 ölkədə səfirlik açılması barədə qərar qəbul etmişdir. Bu ölkələr siyahısına Kanada, Hindistan, İndoneziya, Bolqarıstan, Macarıstan, Yunanıstan, Belarus, Latviya respublikaları daxildirlər. Bundan başqa YUNESKO-nun Fransadakı mənzil qərargahında daimi nümayəndəliyimiz yaradılacaqdır.
Bu günə qədər Azərbaycanın xarici ölkələrdə 21 səfirliyi, 5 daimi nümayəndəliyi, 3 ofisi (Kanada, Belarus, Moldova), İstanbulda Baş konsulluğu və 2 fəxri konsulluğu (Livan, Sankt-Peterburq) fəaliyyət göstərir.
Deputatlar Azərbaycanın xarici ölkələrdə səfirliklərinin təsis olunması ilə bağlı qanun layihələrini təsdiq etmişlər.