MİLLİ MƏCLİS “DÖVLƏT SİRRİ HAQQINDA” QANUN LAYİHƏSİNİ BİRİNCİ OXUNUŞDA QƏBUL ETDİ
AZƏRTAC xəbər verir ki, iclasda “Dövlət sirri haqqında” qanun layihəsi müzakirə olunmuşdur. Milli Məclis sədrinin müavini, parlamentin təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının sədri Ziyafət Əsgərov sənədlə bağlı məlumat vermişdir. O demişdir ki, “Dövlət sirri haqqında” 1996-cı ildə qəbul edilmiş Qanun günün tələblərinə cavab vermədiyi üçün yeni qanunun hazırlanması zərurəti yaranmışdır. Yeni qanun əvvəlkindən əsaslı surətdə fərqlənir. Sənədin bütün maddələri yenidən işlənmiş, dövlət sirrinə aid edilən məlumatların dairəsi genişləndirilmiş, dövlət sirrinə aid edilməyən və məxfiləşdirilməyən məlumatlar, dövlət sirri ilə işləməyə buraxılmanın xüsusi qaydaları, dövlət sirrinin mühafizəsinin təmin olunmasına idarələrarası və idarə nəzarəti kimi müddəalar isə layihəyə əlavə olunmuşdur.
Müzakirələr zamanı deputatlar layihədə dövlət sirrinə aid olan məlumatların başqa dövlətlərə verilməsi qaydalarının, kütləvi informasiya vasitələrində dövlət sirrinə aid olan məlumatların yayılmasına görə məsuliyyətin artırılması və sair müddəaların daha aydın göstərilməsini təklif etmişlər.
Milli təhlükəsizlik nazirinin müavini Tofiq Babayev layihə ilə bağlı bəzi məsələlərə aydınlıq gətirmişdir. O demişdir ki, dövlət sirrinin mühafizəsi üzrə idarələrarası komissiya yaradılmışdır və bu quruma Baş nazirin birinci müavini Yaqub Eyyubov rəhbərlik edir. Komissiya dövlət sirrinin qorunmasında yarana biləcək problemləri vaxtında müzakirə edib müvafiq qərar çıxarır. Ona görə də məlumatlara bilərəkdən məxfilik qrifi qoymasının, dövlət sirrinin yayılmasının qarşısı vaxtında alınacaqdır.
Ziyafət Əsgərov müzakirələr zamanı səslənmiş irad və təkliflərə münasibət bildirdikdən sonra layihə səsə qoyularaq birinci oxunuşda qəbul olunmuşdur.