MİLLİ MƏCLİS SƏDRİNİN UKRAYNAYA RƏSMİ SƏFƏRİ BAŞA ÇATMIŞDIR
Nümayəndə heyətini səmimiyyətlə salamlayan V.Yanukoviç Ukraynadakı iqtisadi vəziyyət, prezident seçkiləri ilə bağlı kampaniyanın gedişi haqqında məlumat verdi.
Azərbaycan parlamentinin sədri respublikadakı sabit ictimai-siyasi vəziyyətdən, aparılan iqtisadi islahatlardan danışdı. M.Ələsgərov Azərbaycanın başlıca probleminə - Ermənistanın ölkəmizə qarşı təcavüzünə toxundu, Ukraynanın bu məsələdə ölkəmizin mövqeyini başa düşməsinə və rəsmi Kiyevin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsinə görə minnətdarlığını bildirdi.
Milli Məclisin sədri daha sonra vurğuladı ki, sentyabrın 23-də Kiyevdə GUÖAM Parlament Assambleyasının yaradılması haqqında Bəyannamənin qəbul olunması bu təşkilat qarşısında yeni perspektivlər açır.
Səmimilik və dostluq şəraitində keçən görüşdə Azərbaycanın Ukraynadakı səfiri Tələt Əliyev, Rovno vilayət Radasının deputatı Elbrus Abdullayev, Ukrayna Azərbaycanlıları Konqresinin sədri Oqtay Əfəndiyev iştirak edirdilər.
Milli Məclisin sədri Murtuz Ələsgərov AZƏRTAC-ın müxbirinə müsahibəsində Azərbaycan parlament nümayəndə heyətinin Ukraynaya rəsmi səfərinin yekunlarından razılığını bildirdi. O dedi ki, səfər zamanı mühüm mərhələ sənədi - GUÖAM Parlament Assambleyasının yaradılması haqqında Bəyannamə imzalanmış, Ukraynanın ali siyasi rəhbərliyi - Ali Radasının başçısı V.Litvin, Baş nazir V.Yanukoviç və xarici işlər nazirinin birinci müavini V.Yelçenko ilə danışıqlar aparılmış, ikitərəfli münasibətlərin bütün aspektləri üzrə qarşılıqlı anlaşmanın əhəmiyyəti xüsusi vurğulanmışdır.
Elə həmin gün M.Ələsgərovun başçılığı ilə Azərbaycan parlament nümayəndə heyəti Kiyevdən Bolqarıstana rəsmi səfərə yola düşdü.
Kiyevin beynəlxalq “Borispol” hava limanında qonaqları Ukrayna Ali Radası sədrinin müavini A.Zinçenko, Azərbaycanın Ukraynadakı səfiri T.Əliyev və digər rəsmi şəxslər yola saldılar.