MİLLİ MƏCLİS VERGİ MƏCƏLLƏSİNƏ DƏYİŞİKLİKLƏR VƏ ƏLAVƏLƏRİ MÜZAKİRƏ EDİR
Milli Məclis növbəti ümumi iclasında büdcə paketinə daxil olunmuş sonuncu sənədin - “Azərbaycan Respublikası Vergi Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında “ Azərbaycan Respublikası Qanununun müzakirəsinə başlamışdır.
İqtisadi siyasət daimi komissiyasının sədri Səttar Səfərov təklif olunan dəyişikliklərin əsas məqsəd və parametrləri barədə məlumat verərək, bu sənədin qəbul edilməsinin zəruriliyini konkret faktlarla əsaslandırdı. O dedi ki, məcəlləyə dəyişikliklər müxtəlif vergi sahələrində dəqiq uçot aparılmasını tələb edən bazar iqtisadiyyatı və keçid dövrü prinsiplərindən irəli gəlir. Vergi siyasətində köklü dəyişikliklər həm də Azərbaycan Prezidentinin yerli və xarici sahibkarlarla görüşlərindən sonra vergi strukturlarının təkmilləşdirilməsinə və sahibkarlığın daha dinamik inkişafına dair qarşıya qoyduğu dəqiq vəzifələrlə bağlıdır. Səttar Səfərov bildirdi ki, vergi orqanlarında ştat vahidləri 40 faiz ixtisarla salınacaqdır.
Komissiya sədri layihənin ayrı-ayrı müddəaları üzərində dayanaraq vurğuladı ki, 40-a yaxın maddədəki dəyişikliklər redaksiya xarakteri daşıyır və məcəllədə yeniliklərin tətbiqi ilə əlaqədardır. Layihədə vergi ödəyənlər üçün əlavə hüquqlar nəzərdə tutulur. Məsələn, onlar bizneslərinin inkişaf şəraitinə görə yeni xronmetraj keçirilməsini tələb edə bilərlər. Kameral yoxlamaların müddəti də 65 gündən 35 günədək azaldılır. Bundan əlavə, tətbiq olunan vergi sanksiyaları xeyli aşağı salınacaqdır.
Deputatların fikrincə, mühüm dəyişikliklərdən biri də hüquqi və fiziki şəxslər arasında vergiqoyma fərqinin aradan qaldırılmasıdır. Vergi vəsaitlərinin büdcəyə köçürülməsi üzərində nəzarət mexanizminin tətbiqi barədə yeni maddənin də böyük əhəmiyyəti var. Bu, ən çox saxta sənədlərin meydana çıxmasında özünü göstərən korrupsiyaya qarşı daha səmərəli mübarizə aparmağa imkan verəcəkdir.
Müzakirələrdə iştirak edən deputatlar fərqli mənfəət vergisinin tətbiqini bəyəndilər.