SİYASƏT
Milli Məclisdə bir qrup əcnəbi diplomatla “Diplomatiyada parlamentin rolu” mövzusunda müzakirələr aparılıb
Bakı, 9 iyun, AZƏRTAC
İyunun 9-da ADA Universiteti və Xarici İşlər Nazirliyinin Beynəlxalq İnkişafa Yardım Agentliyi ilə əməkdaşlığı çərçivəsində Milli Məclisdə “Diplomatiyada parlamentin rolu” mövzusunda Milli Məclisdə bir qrup əcnəbi diplomatla görüş keçirilib.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov və komitənin üzvü Asim Mollazadə iştirak ediblər.
Diplomatlara Azərbaycan parlamentinin strukturu, fəaliyyəti barədə məlumat verən S.Seyidov siyasi partiyaların və qadınların parlamentdə təmsilçiliyindən, parlamentə seçkilərin keçirilməsi qaydalarından danışıb, Milli Məclisin beynəlxalq təşkilatlarda iştirakından, parlamentdə fəaliyyət göstərən dostluq qruplarından bəhs edib.
O, həmçinin 44 günlük Vətən müharibəsində Azərbaycanın öz torpaqlarını Ermənistanın 30 illik işğalından azad etməsi, işğalın acı nəticələrinin aradan qaldırılması üçün aparılan bərpa və quruculuq layihələri, regionda sülhün və iqtisadi əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində görülən işlər barədə qonaqlara ətraflı məlumat verib.
Asim Mollazadə qonaqlara Azərbaycanda parlamentin təşəkkül tarixindən, Şərqdə ilk parlamentin, ilk demokratik, hüquqi və dünyəvi dövlətin məhz Azərbaycanda elan edilməsindən söz açıb. Bildirilib ki, ölkəmizdə nəinki müsəlman aləmində ilk dəfə olaraq, həm də bir sıra qərb ölkələrindən əvvəl qadınlara seçmək və seçilmək hüququ verilib. Milli Məclisin deputatı əcnəbi diplomatlara Azərbaycanın tarixindən, zəngin dövlətçilik təcrübəsindən danışıb, tarixən formalaşmış dəyərlər sistemindən, çoxmədəniyyətlilik və tolerantlıq ənənələrindən söhbət edib.
Tədbirdə Səməd Seyidov və Asim Mollazadə Azərbaycanın konstitusion quruluşu, seçki hüququ, diplomatiyada parlamentlərin rolu və parlament diplomatiyasının imkanları kimi diplomatları maraqlandıran məsələlərlə bağlı səsləndirdikləri sualları cavablandırıblar.