SİYASƏT
MİLLİ MƏCLİSDƏ MÜŞAVİRƏ
Sentyabrin 6-da parlamentin spikeri Murtuz Ələsgərovun sədrliyi ilə Milli Məclisin sədr müavinlərinin, daimi komissiya sədrlərinin və Aparatın şöbə müdirlərinin müşavirəsi keçirilmişdir.
Milli Məclisin sədri yığıncağı açaraq müşavirənin Azərbaycan Respublikası Milli Məclisinin 2002-ci il payız sessiyasına hazırlıq işlərinin gedişinə həsr olunduğunu bildirdi. Qeyd edildi ki, respublika Prezidenti möhtərəm Heydər Əliyevin təşəbbüsü ilə bu il avqustun 24-də keçirilmiş, ölkə əhalisinin mütəşəkkil surətdə iştirak etdiyi referendumun nəticələri parlamentin də qarşısında yeni vəzifələr qoyur. Sədr ölkədə aparılan islahatların qanunvericilik bazasının təkmilləşdirilməsi məqsədi ilə dövlətimizin başçısının Milli Məclisə təqdim etdiyi qanun layihələrinin qısa zamanda qəbul olunmasının zəruriliyini vurğulayaraq, payız sessiyasında çox mühüm sənədlərin müzakirəsinin nəzərdə tutulduğunu bildirdi.
Sonra söz Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyevə verildi. O, öz çıxışında parlamentin payız sessiyası üçün 21 qanun layihəsinin hazır olduğunu müşavirə iştirakçılarının nəzərinə çatdırdı. Qeyd edildi ki, sessiyada respublikada keçirilmiş referendumla əlaqədar Milli Məclisin Daxili Nizamnaməsinə və bir sıra qanunlara əlavə və dəyişikliklər ediləcək, Seçki Məcəlləsi, “Pensiyalar haqqında”, “Terrorizmlə mübarizə haqqında”, “Fövqəladə vəziyyət haqqında”, “Bakı şəhərinin statusu haqqında”, “Körpələrin qidalanmasının müdafiəsi haqqında”, “Folklor nümunələrinin hüquqi qorunması haqqında” sənədlər müzakirə olunacaqdır. Bundan əlavə, Milli Məclisdə ötən sessiyalarda birinci və ikinci oxunuşlarda qəbul edilmiş “Təhsil haqqında”, “Elm və dövlət, elmi-texniki siyasəti haqqında”, “Korrupsiya ilə mübarizə haqqında”, “Azərbaycan dilinin işlənməsi haqqında”, “İctimai televiziya və radio yayımı haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və reyestri haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında”, “Qiymət siyasəti haqqında”, “İşəgötürülənlərin birlikləri haqqında”, “Əhalinin ekoloji təhsili və maarifləndirilməsi haqqında” və s. qanun layihələrinin müzakirəsi də nəzərdə tutulmuşdur.
İclasda çıxış edən daimi komissiya sədrləri Eldar İbrahimov, Asya Manafova, Hadi Rəcəbli, Sirus Təbrizli, Səttar Səfərov, Zahid Qaralov, Şahlar Əsgərov hazırlanan qanun layihələri, sənədlərin mahiyyəti və parlamentdə müzakirəsi barədə öz fikirlərini açıqladılar.
Milli Məclisin sədri Murtuz Ələsgərov müşavirəyə yekun vuraraq, sentyabrın 30-da öz işinə başlayacaq payız sessiyasında yüksək nəticələrin əldə edilməsi üçün daimi komissiyalarla Aparatın müvafiq şöbələri arasında iş birliyinin daha da möhkəmləndirilməsinin zəruriliyini vurğuladı. Parlamentin sədri payız sessiyası qarşısında qanunvericilik işləri planının müzakirəsi ilə əlaqədar sentyabrın ikinci yarısında keçiriləcək müşavirəyədək sənədlər üzərində tamamlama işlərinin başa çatdırılması ilə əlaqədar müvafiq tapşırıqlar verdi.
Milli Məclisin
Mətbuat xidməti