SİYASƏT
MİLLİ MƏCLİSDƏ QƏBUL
Sentyabrın 4-də Milli Məclisin sədri Murtuz Ələsgərov İsrail knessetinin (parlamentinin) üzvü, parlamentin maliyyə-büdcə məsələləri komitəsinin sədri Amnon Koxeni qəbul etmişdir.
Milli Məclisin sədri xatırlatdı ki, İsrail ilə Azərbaycan arasında diplomatik münasibətlər yaradıldıqdan sonra qarşılıqlı surətdə faydalı dövlətlərarası əlaqələr möhkəmlənməyə başlamışdır. O, iki ölkə rəhbərlərinin görüşlərini xüsusi vurğulayaraq dedi ki, İsrailin sabiq baş naziri Benyamin Netanyahu 1997-ci ildə yolüstü Bakıda olmuş, Azərbaycan Prezidenti Heydər Əliyev ilə söhbət etmişdir. Dövlətimizin başçısı ATƏT-in İstanbul zirvə toplantısında İsrail hökumətinin digər keçmiş, başçısı Ehud Barakla görüşmüşdür. Görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunmuşdur.
Milli Məclisin sədri parlamentlərarası münasibətlərə toxunaraq, bu əlaqələrin də uğurlu olduğunu söylədi. 1995-2000-ci illərdə hər iki ölkə parlamentlərinin üzvləri dəfələrlə qarşılıqlı səfərlər etmiş, qanun yaradıcılığı və qanunvericilik məsələlərinə dair faydalı fikir mübadiləsi aparmışlar. İsrail knessetinin nümayəndə heyəti Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının ötən il Bakıda keçirilən sessiyasında müşahidəci qismində iştirak etmişdir. Knessetin üzvləri ilə yanaşı, İsrail hökumətinin də nümayəndələri Azərbaycanda olmuşlar.
Murtuz Ələsgərov 907-ci düzəlişin aradan qaldırılmasında böyük rol oynamış ABŞ-dakı yəhudi lobbisinin fəaliyyətini yüksək qiymətləndirdi. O, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dincliklə həll olunması məsələlərindən danışaraq, ölkəmizin ədalətli mövqeyini İsrailin dəstəklədiyini xüsusi vurğuladı.
Amnon Koxen səmimi qəbula görə təşəkkürünü bildirərək dedi ki, qarşılıqlı münasibətlərin inkişafı baxımından ölkələrimizin parlamentləri çox böyük potensiala malikdir. O, İsrail knessetinin sədri Avraam Burqun Milli Məclisin başçısını İsrailə rəsmi səfərə dəvət etdiyini xatırlatdı və ümidvar olduğunu bildirdi ki, bu səfər yaxın vaxtlarda həyata keçiriləcəkdir.
Qonaq həmçinin bildirdi ki, cari ilin dekabrında İsraildə Dünya Ekologiya Konfransı keçiriləcək və bu məclisə Azərbaycan parlamentinin üzvləri də dəvət olunacaqlar. O, İsraildə Azərbaycan səfirliyinin tezliklə açılacağı məsələsinə də toxundu.
Qəbulda İsrailin ölkəmizdəki səfiri Eytan Naye iştirak edirdi.