MİLLİ MƏCLİSDƏ ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN 85 İLLİYİNƏ HƏSR OLUNMUŞ YUBİLEY İCLASI KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, mayın 6-da Milli Məclisdə ulu öndər Heydər Əliyevin 85 illiyinə həsr olunmuş yubiley iclası keçirilmişdir. Əvvəlcə Azərbaycanın Dövlət himni səsləndirilmişdir.
Sonra Milli Məclisin sədri Oqtay Əsədov ümummilli lider Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrdə bütün sahələrdə qazanılan uğurlardan danışmış, müasir Azərbaycan parlamentinin yaradılmasında və formalaşmasında onun xüsusi xidmətlərinin olduğunu vurğulamışdır.
O.Əsədov demişdir ki, böyük şəxsiyyətlərin adı zəmanəsinin və xalqının simvoluna çevrilir. Xalqımızın bütün müsbət keyfiyyətlərini, yaradıcılıq enerjisini özündə üzvi şəkildə birləşdirən Heydər Əliyev millətimizin şərəf və ləyaqət rəmzinə çevrilmişdir. Tariximizin otuz ildən artıq bir dövrü Heydər Əliyevin adı ilə bağlıdır. Yalnız onun sayəsində xalqımız əvvəlcə siyasi və dövlət müstəqilliyinin möhkəm təməlini yaratmış, daha sonra isə bu təməl üzərində qurulan müstəqil dövlətini qoruyub saxlaya bilmişdir.
Heydər Əliyev böyük uzaqgörənliklə bütün dövlət hakimiyyəti orqanlarının, parlamentin işini xalqın iqtisadi, sosial-mədəni tərəqqisi və milli oyanışı siyasətinin reallaşmasına yönəltmişdir. Məhz bu dahi şəxsiyyətin səyi nəticəsində Azərbaycanın suveren hüquqlarının pozulmasına yönələn bütün cəhdlərin qarşısı vaxtında, qətiyyətlə alınmış, SSRİ-nin 1977-ci ilin oktyabrında qəbul olunmuş Konstitusiyası hazırlanarkən ermənilərin ciddi cəhdlərinə baxmayaraq, o vaxt Dağlıq Qarabağın statusu məsələsinə baxılmamışdır.
Ulu öndərimizin rəhbərliyi ilə fəaliyyət göstərən Konstitusiya komissiyasının hazırladığı və 1978-ci il aprelin 21-də qəbul edilmiş Azərbaycan SSR-in yeni Konstitusiyası o dövrdə mövcud olan məhdud imkanlar daxilində xalqın mənəvi sərvətlərinin, xüsusən dilinin qorunub saxlanması və inkişaf etdirilməsi üçün hüquqi əsasları genişləndirmiş, Azərbaycan dili respublikada dövlət dili statusu almışdı.
Bir çox vacib sahələrdə, o cümlədən hərbi sahədə milli kadr potensialının yaradılması istiqamətində zəruri tədbirlər görülmüş, Azərbaycanda hərbi kadrlar hazırlanmasına geniş imkan açan C.Naxçıvanski adına ixtisaslaşdırılmış məktəb yaradılmışdı. Hərbi mütəxəssislər hazırlayan ali tədris müəssisələrinin maddi-texniki bazası möhkəmləndirilmiş, bu məktəblərə azərbaycanlı gənclərin qəbulu artırılmışdı.
Ümummilli liderin Prezident seçilənədək dörd ay Azərbaycan Ali Sovetinə sədrlik etdiyini vurğulayan O.Əsədov demişdir ki, məhz həmin vaxt parlament ölkədə baş verən mürəkkəb və ziddiyyətli ictimai-siyasi hadisələrin demokratik şəraitdə müzakirə edildiyi real hakimiyyət orqanına çevrilmişdir.
Sonra Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov, sədrin müavini Bahar Muradova, deputatlar ümummilli lider Heydər Əliyevin qısa müddətdə parlamentdə apardığı köklü dəyişikliklərdən, onun ali qanunverici orqana olan diqqət və qayğısından, o zaman qəbul edilən sənədlərin əhəmiyyətindən danışmışlar.
Bildirilmişdir ki, Azərbaycanda siyasi və hüquqi sistemin yaradılması məqsədi ilə Milli Məclisdə ulu öndərin təşəbbüsü ilə bir sıra çox mühüm qanunvericilik aktları qəbul edilmişdir. Ölkədə siyasi, iqtisadi, hüquqi və sosial islahatların qanunvericilik mexanizminin yaradılmasına və təkmilləşdirilməsinə yönəldilən 1500-dək qərar və hüquqi akt ümummilli liderin imzası ilə parlamentə təqdim olunmuşdur.
Azərbaycanın müstəqilliyinin əbədiliyi və dönməzliyi təmin edilmişdir. Heydər Əliyevin böyük liderlik istedadı, zəngin dövlətçilik təcrübəsi sayəsində Azərbaycan iqtisadiyyat, elm, mədəniyyət və digər sahələrdə böyük nailiyyətlər qazanmışdır. Orduda aparılan islahatlar ölkənin müdafiə qüdrətini artırmış, ulu öndərin yeritdiyi uğurlu siyasət ölkəmizə beynəlxalq aləmdə nüfuz qazandırmışdır.
Azərbaycanın karbohidrogen ehtiyatlarının dünya bazarlarına çıxarılması üçün Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin çəkilişinə başlanmış, iqtisadiyyatın qeyri-neft sektorunun inkişafına şərait yaranmışdır. Ölkədə bazar iqtisadiyyatı prinsipləri tətbiq olunmuş, iqtisadi islahatlar, o cümlədən torpaq islahatı, özəlləşdirmə aparılmışdır. Bir sözlə, həyatın bütün sahələrində tənəzzülə son qoyulmuş, ölkəmiz ardıcıl inkişaf yoluna çıxarılmışdır.
Azərbaycan Respublikası Avropa Şurasının, Avratlantik Tərəfdaşlıq Şurasının, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının, İslam Konfransı Təşkilatının, Müstəqil Dövlətlər Birliyinin, İqtisadi Əməkdaşlıq Təşkilatının və bir sıra digər nüfuzlu beynəlxalq və regional təşkilatların bərabər hüquqlu üzvü, GUAM regional qurumunun təşəbbüsçüsü və fəal iştirakçısı olmuşdur. Ölkəmizin Avropa xalqları ailəsinə inteqrasiyası reallığa çevrilmişdir.
Çıxış edənlər vurğulamışlar ki, bütün bu işlərdə Milli Məclis həmişə ümummilli liderimizi, onun uzaqgörən daxili və xarici siyasətini fəal surətdə dəstəkləmişdir.
Ulu öndərin siyasi xəttinin Prezident İlham Əliyev tərəfindən yeni şəraitdə uğurla davam etdirilməsi Azərbaycanı dinamik inkişaf yoluna çıxarmışdır. Son illərdə iqtisadi artımın sürətinə görə Azərbaycan dünyada lider dövlətə çevrilmişdir. Bu, məhz ulu öndər Heydər Əliyevin əsasını qoyduğu iqtisadi strategiyanın həyata keçirilməsi nəticəsində mümkün olmuşdur. İndi Azərbaycan gələcəyə inamla baxan, gözəl perspektivləri olan, həqiqi mənada müstəqil siyasət yeridən bir dövlətdir.
Çıxışlarda belə bir fikir xüsusi vurğulanmışdır ki, Azərbaycanın xoşbəxt gələcəyi Prezident İlham Əliyevin uğurla davam etdirdiyi Heydər Əliyev siyasəti ilə bağlıdır. Bu yol Azərbaycanın qüdrətli, zəngin dövlətə çevrilməsini, xalqımızın firavan gələcəyini təmin edəcəkdir.
######
![]() |
![]() |

