MİLLİ MƏCLİSİN DEPUTATI MİXAİL ZABELİNİN ÇIXIŞI
Dostlar!
Mən Rus icmasının sədri, Azərbaycan Respublikası parlamentinin deputatı, Azərbaycan Respublikası prezidentliyinə namizəd Heydər Əlirza oğlu Əliyevin vəkiliyəm. Siz bilirsiniz ki, Azərbaycanda yaşayan rusların hamısı Rusiya ilə Azərbaycan arasında münasibətlərin yaxşılaşdırılmasına dair hər şeyi böyük diqqətlə və narahatlıqla izləyirlər. Bu il ictimai təşkilatımızın - Rus icmasının on yaşı tamam olur. Daha doğrusu, artıq tamam olmuşdur, lakin bu tarixi cari ilin sentyabr-oktyabr aylarında qeyd etmək nəzərdə tutulmuşdur. Burada iştirak edən və Bakıda ilk dəfə olan qonaqlara 11-12 il bundan əvvəl respublikada, bu şəhərdə nələr baş verdiyini təsəvvürə gətirmək belə çox çətindir. Bunu izah etmək qeyri-mümkündür. Burada hərc-mərclik, özbaşınalıq hökm sürürdü, o zaman müxtəlif millətlərdən olan bir çox adamlar üçün gələcəkdə Azərbaycanda yaşamaqla bağlı taleyüklü məsələ meydana çıxmışdı. Halbuki, ümumən, Azərbaycan həmişə özünün beynəlmiləl ənənələri, müxtəlif millətlərdən olan insanlara yaxşı münasibəti ilə şöhrət qazanmışdır. Mən o dövrdə yaranmış ağır vəziyyətə baxmayaraq, Azərbaycanda qalan və onu öz Vətəni, öz doğma evi hesab edən rusları xüsusi qeyd etmək istəyirəm.
Azərbaycanda 170 min rus yaşayır - bu, Cənubi Qafqazda ən böyük diaspordur. Bu il də, Rus icmasının onilliyini nəzərə alaraq, Rusiya hökuməti kimi, Azərbaycan hökuməti də, bu yubileyin keçirilməsində bizə kömək göstərmişdir.
Yadımdadır, 1993-cü ildə, Heydər Əliyeviç hələ parlamentin sədri seçiləndən əvvəl onunla görüşəndə məndən soruşdu: “Rus icması deyilən təşkilat nəyə lazımdır?”. Mən cavab verdim ki, bu təşkilat rusların hüquqlarını qorumaq, rus mədəniyyətini, dilini qoruyub saxlamaq üçün lazımdır. O isə dedi: “Məgər mən bu məsələləri həll etmək iqtidarında deyiləm?”. Bilirsiniz, çox illər keçdikdən sonra, mən həmin söhbəti xatırlayıram, Prezidentimiz Heydər Əlirza oğlu Əliyevə böyük hörmət və ehtiramımı izhar edirəm. Mən bu insanı səmimi qəlbdən sevirəm və ona hörmət edirəm. Mən bu ailəni səmimi qəlbdən sevirəm və ona hörmət bəsləyirəm. Çünki bütün bu keyfiyyətlərlə yanaşı, onlarda çox gözəl insani bir keyfiyyət də vardır - milliyyətindən asılı olmayaraq, ölkəmizdə yaşayan hər bir insana, hər bir vətəndaşa böyük hörmət hissi. Biz Azərbaycanı öz doğma evimiz hesab edirik.
Mən Heydər Əlirza oğlunun sağlığına badə qaldırmağı təklif etmək istərdim!