MİLLİ MƏCLİSİN KOMİSSİYALARINDA
AZƏRTAC-ın müxbiri xəbər verir ki, iclasda “Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında energetika sektorunda əməkdaşlığın genişləndirilməsi haqqında”, həmçinin dəmir yolu nəqliyyatının fəaliyyətinin əlaqələndirilməsi barədə və “Azərbaycan Respublikası Hökuməti ilə Ukrayna Nazirlər Kabineti arasında neft-qaz maşınqayırma sənayesi sahəsində əməkdaşlığın əsas prinsipləri haqqında” saziş layihələri müzakirə olunmuşdur.
Hər üç sənədin Azərbaycanın maraqlarına tam cavab verdiyini və ölkəmizin neft-qaz sənayesinin, energetika və nəqliyyat sektorunun inkişafına, əlaqələrin genişlənməsinə imkan yaratdığını nəzərə alan deputatlar layihələrin Milli Məclisin müzakirəsinə çıxarılması haqqında qərar qəbul etmişlər.
X X X
Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sentyabrın 7-də keçirilən iclasında “İnzibati icraat haqqında” qanun layihəsi, “Dövlət qulluğu haqqında”, “Yanğından icbari sığorta haqqında” qanunların tətbiqi ilə əlaqədar bəzi qanunvericilik aktlarına əlavə və dəyişikliklərin edilməsi haqqında” qanun layihəsi, “Azərbaycan Respublikası Hökuməti və Pakistan İslam Respublikası Hökuməti arasında narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində əməkdaşlıq haqqında” sazişin təsdiq edilməsi haqqında” qanun layihəsi müzakirə olunmuşdur.
Qeyd edilmişdir ki, qanunlara təklif olunan əlavə və dəyişikliklər redaktə xarakteri daşıyır və onlar həmin qanunların təkmilləşməsinə xidmət edir.
Sonra Milli Məclis Aparatının inzibati və hərbi qanunvericilik şöbəsi müdirinin müavini Səyyad Kərimov “İnzibati icraat haqqında” qanun layihəsi ilə bağlı ətraflı məlumat vermişdir. O demişdir ki, bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğvi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını müəyyən edir. Deputatlar sənədlərin Milli Məclisin gündəliyinə çıxarılmasını tövsiyə etmişlər.
X X X
Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının sentyabrın 7-də keçirilən iclasında Azərbaycan Respublikası və Pakistan İslam Respublikasının, Azərbaycan Respublikası və Ukraynanın birgə bəyannamələri, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev və Gürcüstan Prezidenti Mixail Saakaşvilinin birgə rəsmi məlumatı, Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti, Gürcüstan Hökuməti, Litva Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında imzalanmış bir sıra sazişlərin layihələri müzakirə olunmuşdur. Sonda bütün sənədlərin parlamentin müzakirəsinə çıxarılması tövsiyə olunmuşdur.