MİLLİ MƏCLİSİN KOMİSSİYALARINDA
AZƏRTAC xəbər verir ki, iclasda “Məlumat bazalarının hüquqi qorunması haqqında” və “Yetkinlik yaşına çatmayanların hüquq pozuntularının qarşısının alınması haqqında” qanun layihələri müzakirə olunmuşdur.
Birinci məsələ ilə bağlı elm və təhsil məsələləri daimi komissiyasının sədri Şahlar Əsgərov məlumat vermişdir. O demişdir ki, “Məlumat bazalarının hüquqi qorunması haqqında” qanun layihəsinin parlamentdə ikinci oxunuş müzakirəsi zamanı irəli sürülmüş rəy və təkliflərin bir çoxu nəzərə alınmışdır. Layihənin 4-cü maddəsinə 4.5-ci və 4.5.1-ci bəndləri əlavə olunmuşdur. Bu əlavələrdə məlumat toplusunun uyğunlaşdırılması, müəlliflik hüququ ilə qorunan məlumat toplularından istifadə qaydaları və digər prinsiplər nəzərdə tutulur.
Sonra hüquq siyasəti və dövlət quruculuğu daimi komissiyasının sədri Əli Hüseynov “Yetkinlik yaşına çatmayanların hüquq pozuntularının qarşısının alınması haqqında” qanun layihəsi ilə bağlı məlumat verdi. Bildirildi ki, yetkinlik yaşına çatmayanların problemləri bu günə qədər “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi haqqında” Əsasnamə ilə tənzimlənirdi. Lakin müzakirəyə təqdim olunan qanun layihəsinin bu günə qədər qəbul edilməməsi Əsasnamənin bir sıra müddəalarının tətbiqi işini çətinləşdirirdi. Həmin müddəaların ən mühümü yetkinlik yaşına çatmayanların hüquq pozuntularının qarşısının alınması, onların açıq və qapalı tipli xüsusi təlim-tərbiyə müəssisələrinə göndərilməsi ilə bağlıdır. Qanun layihəsi həmin çatışmazlıqları aradan qaldıracaq, yetkinlik yaşına çatmayanların vətənpərvərlik ruhunda tərbiyə olunmalarını, layiqli vətəndaş kimi yetişmələrini təmin edəcəkdir.
Milli Məclis sədrinin müavini Gövhər Baxşəliyeva, komissiya sədrləri, deputatlar, respublika Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov və digər dəvət olunmuş şəxslər sənədlərlə bağlı rəy və təkliflərini vermişlər.
Sonda hər iki layihənin Milli Məclisin müzakirəsinə çıxarılması tövsiyə olunmuşdur.