Milli Məclisin komitə iclasında “Torpaq icarəsi haqqında” Qanunda dəyişikliklər müzakirə olunub
Bakı, 10 may, AZƏRTAC
Mayın 10-da Milli Məclisin aqrar siyasət komitəsinin iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, komitənin sədri Eldar İbrahimov iclasın gündəliyinə üç məsələnin daxil olduğunu qeyd edib.
İclasda qanun layihələrini Milli Məclis Aparatının iqtisadi qanunvericilik şöbəsinin müdir müavini, aqrar qanunvericilik sektorunun müdiri Vilayət Əlizadə təqdim edib. Bildirilib ki, “Torpaq icarəsi haqqında” Qanunun 10-cu maddəsində edilən dəyişikliklərdən məqsəd dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqlardan daha səmərəli istifadə edilməsidir. Layihə torpaqların icarəyə verilməsi sahəsində mövcud olan problemlərin həllini tənzimləyəcək, nəticədə kənd təsərrüfatı məhsullarının istehsalı artacaq.
Deputatların nəzərinə çatdırılıb ki, Torpaq Məcəlləsinin 14-cü maddəsində aparılan dəyişiklik də “Torpaq icarəsi haqqında” Qanunda edilən dəyişikliklərlə əlaqədardır və qanunvericiliyin uyğunlaşdırılması xarakteri daşıyır.
Qeyd olunub ki, “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Qanunun 11-ci maddəsinə təklif olunan dəyişiklik bu Qanunu “Notariat haqqında” Qanuna uyğunlaşdırma məqsədi daşıyır.
Fikir mübadiləsində komitənin sədr müavini Eldar Quliyev, deputatlar Novruz Aslan, İqbal Məmmədov, Tahir Süleymanov, ekspert Zahid Abbasov qanun layihələrinə müsbət münasibət bildiriblər. Baxılan qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə olunub.