MİLLİ MƏCLİSİN SƏDRİ RUSİYANIN ÖLKƏMİZDƏKİ SƏFİRİNİ QƏBUL ETMİŞDİR
Səfirə və Rusiya xalqına Şimali Osetiyanın Beslan şəhərində çoxsaylı insan tələfatı ilə nəticələnmiş terrorla bağlı başsağlığı verən parlamentin sədri demişdir ki, dəfələrlə terrora məruz qalan Azərbaycan xalqı dost Rusiya xalqının kədərinə şərikdir.
Parlamentin sədri daha sonra ölkələrimiz arasında mövcud olan dostluq münasibətlərinin inkişafında ümummilli liderimiz Heydər Əliyevin rolundan, parlamentlərarası əlaqələrdən, səfirin bu işdəki fəaliyyətindən danışdı. O qeyd etdi ki, Azərbaycanda genişmiqyaslı islahatlar həyata keçirilir. Amma əfsuslar olsun ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi işimizdə ciddi maneələr yaradır. Rusiya regionun ən nüfuzlu dövləti və ATƏT-in Minsk qrupunun həmsədri kimi münaqişənin həllində öz səylərini artırmalıdır.
Problem Azərbaycan və Rusiya prezidentlərinin də dedikləri kimi, yalnız dövlətlərin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır.
Səfir Nikolay Ryabov başsağlığına, Rusiya dövlətinə, terrordan əziyyət çəkənlərə göstərilən dəstəyə və yardıma görə Azərbaycan Prezidentinə, parlamentinə və xalqına minnətdarlığını bildirdi. Diplomat dedi ki, həqiqətən də ölkələrimz arasındakı dostluq münasibətlərinin inkişafında dahi siyasi xadim Heydər Əliyevin əvəzsiz xidmətləri olmuşdur.
Hamıya məlumdur ki, bu gün regionda həlli gecikmiş bir sıra münaqişələr mövcuddur. Rusiya bu problemlərin həllinə çalışır. Prezident Vladimir Putinin təşəbbüsü ilə sentyabrın 16-da Astanada Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin görüşü keçiriləcək. Bu görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli yolları müzakirə olunacaqdır.
Səfir daha sonra ona Azərbaycanda diplomatik fəaliyyəti zamanı göstərilən köməyə, birgə əməkdaşlığa görə dövlətimizin başçısına, xalqımıza dərin minnətdarlığını bildirmişdir.
Sonra görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.