Milli Paralimpiya Komitəsində Azərbaycanın parataekvondo yığmasının üzvləri ilə görüş olub
Bakı, 3 noyabr, AZƏRTAC
Milli Paralimpiya Komitəsində Azərbaycanın para-taekvondo yığmasının üzvləri ilə görüşüb keçirilib.
AZƏRTAC xəbər verir ki, Milli Paralimpiya Komitəsinin prezidenti Hidayət Abdullayev dünya, Avropa çempionatlarının və Qran-Pri yarışının uğurlu keçdiyini bildirib. H.Abdullayev Avropa və dünya çempionatından qızıl medalla qayıdan İmaməddin Xəlilov və Əbülfəz Abuzərlini təbrik edib, komandanın hazırkı fiziki və psixoloji vəziyyəti ilə maraqlanıb.
Baş məşqçi Fərid Tağızadə yarışların gərgin mübarizə şəraitində keçdiyini, buna baxmayaraq, komandanın əsas məqsədə nail olduğunu qeyd edib. Əsas hədəfin Paris-2024 XVII Yay Paralimpiya Oyunları olduğunu deyən mütəxəssis komanda üzvlərinin növbəti yarışa yüksək motivasiya ilə hazırlaşdıqlarını bildirib.
Görüşdə qarşıdakı turnirlərə hazırlıqla bağlı da danışılıb.
Xatırladaq ki, avqustda Niderlandın Rotterdam şəhərində keçirilən Avropa çempionatını parataekvondo komandamız 2 qızıl, 1 gümüş, 2 bürünc, sentyabrda baş tutan dünya çempionatını isə 1 qızıl, 1 bürünc medal ilə başa vurub.
Parataekvondoçular 29 noyabr - 3 dekabr tarixlərində İngiltərənin Mançester şəhərində keçiriləcək Qran-Pri turnirinin final mərhələsində iştirak edəcəklər.