Milli Paralimpiya Komitəsində boccia idman növü üzrə yığmanın üzvləri ilə görüş keçirilib
Bakı, 19 oktyabr, AZƏRTAC
Oktyabrın 19-da Milli Paralimpiya Komitəsində (MPK) qurumun prezidenti İlqar Rəhimovun rəhbərliyi altında boccia idman növü üzrə yığmanın baş məşqçisi İlham Məhərrəmov və idmançıların iştirakı ilə iclas keçirilib.
MPK-dan AZƏRTAC-a bildiriblər ki, iclasda oktyabrın 21-28-də İtaliyanın Olbiya şəhərində keçiriləcək açıq regional turnirə hazırlıqla əlaqədar məşqçi və idmançıların məlumatları dinlənilib, görülmüş işlər və qarşıda duran vəzifələr geniş müzakirə edilib.
Müzakirələrin sonunda komitənin prezidenti İlqar Rəhimov idmançılara iştirak edəcəkləri yarışda uğurlar arzulayıb.
Qeyd edək ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə cari ilin martında Boccia Federasiyası yaradılıb. Vüqar Əsgərov federasiyaya vitse-prezident, İlham Məhərrəmov baş katib vəzifələrinə seçiliblər.