MİLLİ QEYRİ-HÖKUMƏT TƏŞKİLATLARI FORUMUNUN (MQF) NÖVBƏDƏNKƏNAR VII QURULTAYI KEÇİRİLƏCƏKDİR
AZƏRTAC xəbər verir ki, iyulun 2-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Milli Qeyri-Hökumət Təşkilatları Forumunun (MQF) növbədənkənar VII qurultayı keçiriləcəkdir.
Bu barədə MQF sədrinin vəzifələrini icra edən Rauf Zeyni iyunun 30-da keçirdiyi mətbuat konfransında məlumat vermişdir. O demişdir ki, MQF-nin sədri, Milli Məclisin deputatı Azay Quliyev Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri seçildiyi üçün vəzifəsindən istefa vermişdir. Növbədənkənar qurultayın keçirilməsindən məqsəd MQF-nin yeni sədrinin seçilməsidir. Tədbirdə əvvəlki sədrin, həmçinin İdarə Heyəti və Nəzarət Təftiş Komissiyası sədrlərinin hesabatları dinləniləcəkdir.
Qurultayda Forumun üzvü olan 479 təşkilatdan 500-ə qədər nümayəndənin iştirakı nəzərdə tutulmuşdur.
Bundan başqa, qurultaya dövlət və hökumət üzvləri, Milli Məclisin deputatları, ölkəmizdə fəaliyyət göstərən dipkorpusun və beynəlxalq təşkilatların nümayəndələri dəvət olunmuşlar.