MİLLİ QİYMƏTLƏNDİRMƏ SİSTEMLƏRİ VƏ TƏHSİL STANDARTLARINA HƏSR OLUNMUŞ BEYNƏLXALQ KONFRANS İŞTİRAKÇILARINA
Sizi Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində səmimi qəlbdən salamlayır və konfransınıza uğurlar diləyirəm. Əmin olduğumu bildirirəm ki, siz təhsil sahəsində milli qiymətləndirmə sistemləri və metodlarının təkmilləşdirilməsi işinə öz layiqli töhfənizi verəcəksiniz. Müasir dünyada qloballaşma və inteqrasiya proseslərinin getdikcə dərinləşdiyi, təhsilin ölkələrin milli hüdudlarını aşaraq, ümumbəşəri dəyərə çevrildiyi bir şəraitdə bu məsələ böyük əhəmiyyət kəsb edir.
Təhsil tarix boyu cəmiyyət həyatının mühüm strateji sahələrindən biri olmuşdur. Azərbaycan dövləti təhsilin yüksək səviyyəsinin təmin edilməsi problemlərini həmişə diqqət mərkəzində saxlayır, onun məzmunca müasirləşdirilməsinə, yeni standartlarının formalaşdırılmasına və beynəlxalq təcrübədən səmərəli istifadə olunmasına xüsusi diqqət yetirir.
Sürətli iqtisadi inkişaf dövrünü yaşayan ölkəmizdə getdikcə təhsilə ayrılan investisiyaların həcmi artırılır, bu sahədə islahatların həyata keçirilməsi üçün möhkəm zəmin yaradılır, Azərbaycan Konstitusiyası ilə təsbit edilmiş icbari orta təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsinə böyük sərmayə qoyulur. İnformasiya cəmiyyəti üzrə Ümumdünya sammitində səslənən “qara qızıl”dan əldə olunan gəlirləri, “insan kapitalı qızılı”na çevirmək çağırışı uğurla həyata keçirilir.
Artıq 15 ildir ki, ölkəmizdə ali və orta ixtisas təhsili məktəblərinə tələbə qəbulu zamanı abituriyentlərin bilikləri milli qiymətləndirmə sistemi vasitəsilə müəyyən olunur. Son dövrlərdə dövlət qurumlarına kadrların seçilməsində də həmin metoddan istifadə edilir. Təqdirəlayiq haldır ki, belə bir sistemin fəaliyyəti həm cəmiyyət, həm də beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirilir.
Ümidvaram ki, konfransınız Azərbaycanda təhsil islahatlarının aparılmasına və təhsil sisteminin daha da təkmilləşdirilməsi üçün əlverişli mühitin bərqərar olmasına yeni təkan verəcəkdir.
Hamınıza cansağlığı, səadət və gələcək fəaliyyətinizdə müvəffəqiyyətlər arzulayıram!
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 12 sentyabr 2007-ci il.