Milli Qurtuluş Günü Azərbaycan tarixində yeni mərhələnin başlanğıcıdır
Şəki, 13 iyun, Mustafa Dadaşov, AZƏRTAC
Hər bir xalqın tarixində müstəsna əhəmiyyət daşıyan, onun gələcək həyatını müəyyən edən, böyük başlanğıcın əsası qoyulan əlamətdar tarixi günlər var. Bu baxımdan tariximizə Milli Qurtuluş Günü kimi daxil olan 15 iyun böyük ictimai-siyasi və tarixi əhəmiyyətə malik olan bir gündür. Bu tarixi yaradan isə Azərbaycanın inkişafında müstəsna rol oynayan, daim xalqına arxa və dayaq olan dahi şəxsiyyət, ümummilli lider Heydər Əliyevdir.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Milli Qurtuluş Günü münasibətilə iyunun 13-də Şəki şəhər Heydər Əliyev Mərkəzi, rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 9 nömrəli kitabxana filialı və Şəki “ASAN xidmət” mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən onlayn videokonfransda səsləndirilib.
Tədbirdə Şəki Heydər Əliyev Mərkəzinin direktoru Rəşadət Sadıqov, kitabxana filialının müdiri Rüfanə Həsənova, “ASAN xidmət” mərkəzinin könüllüsü Elvin Mabudlu və başqaları çıxış edərək, Milli Qurtuluş Gününün müstəqilliyimizin tarixinə şanlı səhifə kimi yazıldığını vurğulayıblar. Diqqətə çatdırılıb ki, 1993-cü ilin iyununda - müstəqilliyimiz məhv olmaq təhlükəsi ilə üzləşdiyi bir vaxtda məhz ümummilli lider Heydər Əliyevin müdrikliyi və qətiyyəti sayəsində Azərbaycanda vətəndaş qarşıdurmasına son qoyulub, ölkəmiz xaosdan, siyasi çəkişmələrdən, sosial-iqtisadi böhrandan xilas olub.
Diqqətə çatdırılıb ki, Milli Qurtuluş Günü Azərbaycan tarixində yeni mərhələnin başlanğıcıdır. Azərbaycanın Qurtuluş Günündən başlanan yüksəlişi hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam edir. Ölkəmizin iqtisadiyyatı güclənir, qüdrəti artır, siması dəyişir, insanların sosial rifahı yaxşılaşır.
Sonra Ulu Öndərin hakimiyyətə böyük qayıdışından bəhs edən videoçarx nümayiş etdirilib.
Konfransın sonunda Şəki şəhər 5 saylı tam orta məktəbin şagirdi Rasif Abdullayevin ifasında Xalq şairi Zəlimxan Yaqubun müəllifi olduğu “O, həyatı sevirdi” şeiri səsləndirilib.