REGİONLAR
Milli Qurtuluş Günü münasibətilə Bərdədə bayram tədbiri təşkil edilib
Bərdə, 15 iyun, AZƏRTAC
15 İyun - Milli Qurtuluş Günü münasibətilə Bərdə şəhərindəki Park Bulvarda bayram tədbiri keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Bərdə Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası (YAP) Bərdə rayon təşkilatının və Bərdə Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə YAP Bərdə rayon təşkilatının fəalları ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər güllər düzərək dahi rəhbərin əziz və unudulmaz xatirəsini dərin ehtiramla yad ediblər. Sonra ulu öndər Heydər Əliyevin xatirəsinə həsr edilmiş rəsm və əl işlərindən ibarət sərgiyə baxış olub.
Tədbirdə Bərdə Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vahid Qarayev, YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya, Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi Vəsilə Mövsümova çıxış edərək ulu öndər Heydər Əliyevin xalq və dövlət qarşısında xidmətlərindən, müstəqil Azərbaycan dövlətinin qurulmasında və möhkəmləndirilməsində xilaskarlıq missiyasından, Milli Qurtuluş Gününün dövlətçilik tariximizdə yeri və əhəmiyyətindən, Qurtuluşdan Zəfərə gedən yolda Ulu Öndərin layiqli davamçısı, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin apardığı müdrik uğurlu daxili və xarici siyasətdən, 44 günlük Vətən müharibəsində qazanılan Qələbədən danışıblar.
Sonra YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya partiyaya yeni qəbul edilmiş üzvlərdən bir qrupuna üzvlük vəsiqələri təqdim edib. Tədbir rəngarəng konsert proqramı ilə başa çatıb.