İQTİSADİYYAT
“MilliNet” müsabiqəsi münsiflərinin yeni tərkibi təsdiqlənib
Bakı, 1 noyabr, AZƏRTAC
Azərbaycanın Milli İnternet Mükafatı - “MilliNet” müsabiqəsinin münsiflərinin yeni tərkibi təsdiqlənib.
AZƏRTAC mükafatın rəsmi saytına istinadla xəbər verir ki, indiyədək müsabiqəyə 13 nominasiya üzrə 116 resurs təqdim edilib.
“MilliNet”in Təşkilat Komitəsi müsabiqənin şəffaf və ədalətli, qaydalara uyğun keçirilməsi üçün zəruri addımlar atır. Daha peşəkar, müstəqil və obyektivliyi ilə seçilən mütəxəssis və ekspertlərin münsif olaraq seçilməsinə diqqət yetirilir. “MilliNet 2023” münsiflərinin yeni tərkibi də artıq formalaşıb. Yeni seçilmiş 15 ekspert bu il internet resurslarının qiymətləndirilməsində iştirak edəcək. Münsiflərin qiymətləndirməsi həlledicidir, hər hansı appelyasiya qəbul edilmir. Bu il müsabiqəyə təqdim edilən resurslar yeni meyarlar əsasında qiymətləndiriləcək. Münsiflərə aid olan hər hansı resursun müsabiqədə iştirakına yol verilmir”, - deyə müsabiqənin Təşkilat komitəsindən bildirilib.
“MilliNet”in Təşkilat Komitəsi bildirir ki, müsabiqə qaydalarına uyğun olaraq qiymətləndirmə 2 mərhələdə aparılır. Noyabrın 20-dən birinci mərhələ - səsvermə prosesi başlayacaq və noyabrın 25-də başa çatacaq. Səsvermənin nəticələrinə əsasən, hər nominasiya üzrə nominantlar müəyyən olunacaq. Bu nominantlar arasında ikinci mərhələdə səsvermə nəticəsində qalib resurslar seçiləcək. İkinci səsvermə prosesi dekabrın əvvəlində başlayacaq.
Münsiflərin ikinci mərhələ üzrə qiymətləndirməsinin nəticələri təqdimat mərasimindən sonra açıqlanacaq. Qaliblərin mükafatlandırılması ilə bağlı təqdimat mərasiminin dekabr ayında keçirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, Milli İnternet Mükafatına Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi rəsmi dəstək verir. Əsas tərəfdaşlar İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətidir.