İQTİSADİYYAT
Mingəçevirdə 224 nəfər işlə təmin edilmişdir
Mingəçevir, 23 aprel (AZƏRTAC). Cari ilin əvvəlindən bugünədək Mingəçevir Şəhər Məşğulluq Mərkəzinə 151 nəfər işaxtaran müraciət etmişdir. Onlardan 83-ü qadın, 96-ı gənclərdir.
Mərkəzdən AZƏRTAC-a bildirmişlər ki, müraciət edənlərdən 121 nəfəri öz peşəsinə uyğun daimi işlə təmin olunmuşdur. Onların da 38-i qadın, 57-i gəncdir. Altı nəfərə ixtisasına uyğun boş iş yeri olmadığı üçün işsizlik müavinəti təyin edilmiş, 10 nəfəri haqqı ödənilən ictimai işə cəlb olunmuşdur.
Mingəçevir şəhər Əmək Birjasından verilən məlumata görə, ötən müddət ərzində 103 işaxtaran vətəndaş müvəqqəti işlə təmin edilmişdir. Vətəndaşlar əsasən emal sənayesi, elektrik enerjisi, təbii qaz və içməli su təchizatı, səhiyyə və sosial xidmətlər, maliyyə, rabitə və kommunal xidmət sahələrində işlə təmin edilmişlər.
Xatırladaq ki, Mingəçevir şəhərində keçiriləcək “Əmək yarmarkası”na və tələbə və məzunlar üçün “Karyerada ilk addım” məşğulluq yarmarkasına ciddi hazırlıq görülür.