Mingəçevirdə fəaliyyət göstərən toyuq kəsimi müəssisəsində nöqsanlar aşkarlanıb
Bakı, 20 sentyabr, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Mingəçevirdə fəaliyyət göstərən toyuq kəsimi müəssisəsində nöqsanlar aşkarlayıb.
Bu barədə AZƏRTAC-a agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.
Agentliyin həyata keçirdiyi nəzarət tədbirləri çərçivəsində Mingəçevir şəhəri, N.Rəfibəyli küçəsi, ev 2/2 ünvanında fiziki şəxs Mustafayev Elşən Bəxtiyar oğluna məxsus toyuq kəsimi müəssisəsində yoxlama aparılıb. Yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ-hüquqi aktların tələblərinin kobud şəkildə pozulduğu aşkar edilib. Müəssisədə sanitar-texniki və sanitar-gigiyenik tələblərə əməl olunmadığı, həmçinin baytarlıq sanitariya tələblərinin gözlənilmədiyi məlum olub.
Aşkar olunmuş pozuntularla bağlı qanunvericiliyə uyğun olaraq müəssisə rəhbəri inzibati məsuliyyətə cəlb edilib, müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb.