“Mir” teleradio şirkəti Qələbənin 75-illiyinə həsr edilmiş aksiyanın müddətini uzadıb
Bakı, 16 may, AZƏRTAC
“Mir” teleradio şirkətinin rəhbərliyi Böyük Vətən müharibəsində Qələbənin 75-illiyi ərəfəsində başlanmış “Yaddaş” aksiyasının müddətini iyunun sonuna qədər uzatmağı qərara alıb.
AZƏRTAC MDB İcraiyyə Komitəsinin saytına istinadla xəbər verir ki, müharibə haqqında ən maraqlı əhvalatlar əvvəlki kimi “Mir” və “Mir-24” telekanallarının efirində, həmçinin teleradio şirkətinin sosial şəbəkələrinin rəsmi səhifələrində yayımlanacaq.
Qeyd edək ki, tamaşaçılar aprelin ortalarından başlayaraq öz ailələrində əziz xatirə kimi qorunub saxladıqları yadigar əşyalar - müharibə yollarını keçmiş yaxınlarını xatırladan, Qələbəyə doğru gedən yolu illüstrasiya edən hər hansı əşya: uçuş kitabçası, əsgər qayışı, stəkanaltı, cib yaylığı, cəbhədən məktublar və onlarca fotoşəkil vasitəsilə doğmalarının müharibədə üzləşdikləri hadisələr haqqında maraqlı əhvalatlar danışırdılar.
Televiziya tamaşaçıları Böyük Vətən müharibəsini həm döyüşlərdə, həm də arxa cəbhədə görmüş doğmaları haqqında videolar, fotoşəkillər və postlar paylaşırdılar. Teleradio şirkətinə bütün MDB-dən və Gürcüstandan yüzlərlə tamaşaçı tərəfindən göndərilmiş əhvalatlar toplanıb.
“Mir” teleradio şirkətinin təbliğat xidmətinin rəhbəri Sergey Qrevtsev deyib: “Bu il Qələbə Günü qeyri-adi və çətin şəraitdə keçdi, bir neçə kilometr uzunluğunda ənənəvi “Ölməz alay”ı görmədik, onun alternativi “Yaddaş” aksiyası oldu. Bu günə qədər “Mir” və “Mir-24”
telekanallarında onlarca, sosial şəbəkələrdə yüzlərlə post yerləşdirilib. Bizim abunəçilərimiz müharibədə doğmaları haqqında əhvalatları paylaşmaqda davam edirlər, buna görə teleradio şirkəti “Yaddaş” aksiyasının müddətini iyunun sonuna qədər uzatmağı qərara alıb.
Müharibə haqqında xatirələri sosial şəbəkələrdə #pamyatserdsa heşteqi vasitəsilə paylaşmaq olar.
“Yaddaş” aksiyası birinci dəfə keçən il keçirilib. O vaxt aksiyada bütün MDB-dən 50 mindən çox insan iştirak etdi. Tamaşaçılar öz hekayətlərini efirdə, sosial şəbəkələrdə, həmçinin Moskvadakı Qorki Parkında təşkil olunmuş səyyar studiyada danışa bilirdilər.