MİRZƏ MƏHƏMMƏD AXUNDZADƏNİN 130 İLLİYİ QEYD OLUNMUŞDUR
Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun və AYB “İrs” komissiyasının birgə keçirdikləri tədbiri birliyin birinci katibi, xalq şairi Fikrət Qoca açmışdır.
Tədbirdə Əlyazmalar institutunun əməkdaşı Şəlalə Hümmətova “Mirzə Məhəmməd Axundzadənin həyat və yaradıcılığı” mövzusunda məruzə etmişdir. M.Axundzadənin Gəncədə nüfuzlu ruhani ailəsində dünyaya göz açdığını nəzərə çatdıran məruzəçi onun bu şəhərdəki klassik kişi gimnaziyasında təhsil aldığını, 5 dildə mükəmməl danışdığını, “Sərfi-Türk” adlı qrammatika kitabı yazaraq, çap etdirdiyini diqqətə çatdırmışdır.
Məruzədə bir çox dram əsərlərinin, ayrı-ayrı mətbuat orqanlarında, o cümlədən “Molla Nəsrəddin” jurnalında publisist yazıların, şeir və felyetonların müəllifi olan Axundzadənin siyasi və ictimai fəaliyyətindən ətraflı bəhs edilmişdir. Gəncədə peşəkar teatrın yaradılmasında, bərbad vəziyyətə düşmüş Nizami türbəsinin bərpa edilməsində, Bakı Dövlət Universitetinin açılmasında onun təşəbbüskarlığı xüsusi vurğulanmışdır.
Tədbirdə “İrs” komissiyasının sədri Sona Xəyal, AMEA Nizami adına Ədəbiyyat İnstitutunun əməkdaşı, filologiya elmləri namizədi Rauf Sadıqov və başqaları M.Axundzadənin çoxşaxəli fəaliyyətinin müxtəlif sahələrindən danışmışlar.
Axırda yubilyarın nəvəsi, kinorejissor Nazim Rza babasının xatirəsinə göstərilən diqqət və ehtirama görə tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirmişdir.