CƏMİYYƏT
Misirdə BMT-nin Ümumdünya Urbanizasiya Forumu işə başlayıb
Tədbirdə Azərbaycan da təmsil olunur
Bakı, 4 noyabr, AZƏRTAC
Noyabrın 4-də Yeni Qahirədəki Beynəlxalq Sərgi Mərkəzində Birləşmiş Millətlər Təşkilatının Məskunlaşma Proqramı (UN-Habitat) çərçivəsində Ümumdünya Urbanizasiya Forumunun (WUF12) 12-ci sessiyası işə başlayıb.
AZƏRTAC “Əl Əhram” nəşrinə istinadla xəbər verir ki, noyabrın 8-dək davam edəcək Forum “Hər şey evdən başlayır. Yerli dayanıqlı şəhərlər və icmalar üçün tədbirlər” devizi altında keçirilir. Tədbirin açılışından əvvəl keçirilən mətbuat konfransında Misirin Baş naziri Mustafa Madbuli və BMT Baş katibinin müavini, UN-Habitat proqramının icraçı direktoru Anaklaudiya Rossbax, BMT Ətraf Mühit Proqramının (UNEP) icraçı direktorunun müavini Elizabet Maruma Mrema çıxış ediblər.
Azərbaycan bu mötəbər tədbirdə şəhərsalma və memarlıq sahəsindəki nailiyyətlərini nümayiş etdirən bir pavilyon təqdim edəcək. Nümayəndə heyətimiz “Daha yaxşı yenidənqurma: Dayanıqlı və dinc şəhərlərin inkişafında Azərbaycanın yolu” mövzusunda dayanıqlı şəhərlərin yaradılması, iqlim təşəbbüslərinin irəli sürülməsi, əməkdaşlığın inkişafı, islahatların həyata keçirilməsi, eləcə də Böyük Qayıdış proqramının innovativ həll yolları ilə bağlı müzakirələr təşkil edəcək.
Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndə heyəti davamlı şəhər inkişafı, innovasiya və iqlim davamlılığına dair dialoqlara da qatılacaq.
Forumda 170-dən çox ölkədən 20 mindən çox nümayəndə, o cümlədən maliyyə institutları, vətəndaş cəmiyyəti, akademik dairələr, biznes ictimaiyyəti və şəhərsalma sektorunun təmsilçiləri iştirak edirlər. İştirakçılar 500-dən çox sessiya və seminarda iştirak edəcək, müxtəlif şəhərsalma məsələləri ilə bağlı fikir mübadiləsi aparacaqlar.
Tədbir çərçivəsində ən son yenilikləri və şəhər problemlərinin həllini nümayiş etdirən “Urban Expo” sərgisi də təşkil olunub. Forumun işi ərəb və beynəlxalq işarə dilləri ilə yanaşı, BMT-nin alt rəsmi dilində - ərəb, ingilis, Çin, rus, fransız və ispanca canlı yayımlanacaq.
Ümumdünya Urbanizasiya Forumu BMT tərəfindən 2001-ci ildə təsis edilib. İlk tədbir 2002-ci ildə Keniyanın Nayrobi şəhərində keçirilib. O vaxtdan bəri WUF dünyanın müxtəlif şəhərlərində iki ildən bir təşkil olunur. Forum iqlim sammitindən (COP) sonra BMT-nin ikinci ən əhəmiyyətli tədbiri kimi tanınır.