Misirin yeni inzibati paytaxtının tikintisi tam gücü ilə davam etdirilir
Qahirə, 14 may, AZƏRTAC
Koronavirus pandemiyasına rəğmən Misirin yeni inzibati paytaxtının tikintisi tam gücü ilə davam edir. Bu barədə Misir Şəhərsalma Nazirliyinin rəsmisi Əmr Xəttab məlumat verib. Onun sözlərinə görə, Prezident Əbdülfəttah əs-Sisinin göstərişinə əsasən, 24 min binanın 70 faizində tikinti işləri davam etdirilir. Ümumi dəyəri 58 milyard dollar olacaq bu nəhəng layihənin vaxtında başa çatdırılması üçün COVID-19 pandemiyası ilə əlaqədar zəruri tədbirlər görən podratçı şirkətlər bütün güclərini səfərbər edib.
AZƏRTAC xəbər verir ki, Qahirə şəhəri ilə Qırmızı dənizin arasında - səhrada yerləşəcək bu böyük inzibati paytaxtda Misirin bütün nazirlikləri, maliyyə institutları, habelə xarici ölkələrin səfirlikləri yerləşəcək. Ərazisi 700 kvadratkilometr olacaq şəhərdə 7 milyondan çox sakinin yaşayacağı bildirilir. Yeni inzibati paytaxtın layihəsində yaşayış binaları, süni göllər, təhsil müəssisələri, xəstəxanalar, məscidlər, otellər, parklar, günəş enerjisi stansiyaları, Qahirə ilə 45 kilometrlik dəmir yolu, yeni beynəlxalq aeroport, habelə prezident administrasiyası, parlament və 18 nazirlik binaları nəzərdə tutulub.
Nazirlik rəsmisi məlumat verib ki, yaşayış binalarının olacağı ilk rayon gələn ilin sonunda, biznes strukturlarının yerləşəcəyi digər rayon isə 2022-ci ilin əvvəlində istifadəyə veriləcək.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə